15 Noyabr 2023 09:14
7 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Ermənistana silah göndərişinin iki marşrutu var. Biri İran, digəri isə Gürcüstan ola bilər. İran Azərbaycanla münasibətləri fonunda bunu istəmir. Həmçinin Qərblə də qarşıdurması var.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, ən unikal seçim Gürcüstan variantıdır:

“Tiflis-Bakı münasibətləri fonunda son hadisə belə bir fikir doğurur ki, Gürcüstan Azərbaycana qarşı çıxır. Düşünürəm ki, elə deyil. Gürcüstanın Avropa İttifaqına müşahidəçi üzv məsələsi gündəmdədir. Görünür, Fransa tərəfi Gürcüstanı bu məsələdə şantaj edib. Gürcüstan müşahidəçiliyə qəbulu məsələsini riskə atmamaq üçün buna razı olub. Bakı fakta soyuqqanlı münasibət göstərir, qonşu ölkənin üzərinə çox getmir. Böyük ehtimalla Gürcüstan bu haqda Azərbaycana öncədən məlumat verib.

Fikrimcə, bu, Bakı-Tiflis münasibətlərində böyük problem yaranmayacaq. Amma bəllidir ki, Fransa Ermənistanı silahlandırmasını sürətləndirəcək. Bu, silahlandırmada Gürcüstan davamlı marşrut kimi istifadə edilərsə, xüsusilə Azərbaycana təhlükə yarada biləcək silahların göndərilməsi aktuallaşarsa, Azərbaycan tərəfi Gürcüstana öz iradı və ya etirazını edə bilər. Gürcüstanın silahlandırmalarda geniş rol oynayacağı ehtimalı azdır. Çünki Azərbaycan-Türkiyə münasibətləri faktoru var”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər