Anklav kəndlər məsələsi həll olunmayana qədər Azərbaycanın Ermənistanın konkret ərazisi çərçivəsində ərazi bütövlüyünü tanıması mümkün deyil.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, hazırkı durumda Ermənistan üçün ən yaxşı yol sülh müqaviləsini imzalamaqdır:
“Ermənistanın “Hraparak” qəzetinin bir neçə müxalifət nümayəndəsinin sülh sazişinin mətniylə tanışlığı və onların sənədə şərhləri barədə xəbəri Azərbaycan mediasında da geniş yayılıb. Xəbərin mahiyyəti budur ki, bir neçə müxalifət nümayəndəsi Ermənistan Xarici İşlər Nazirliyinin “tam məxfi” kimi təsnif edilən sənədinin bəzi detallarıyla tanış olub. Detallarla tanışlıqdan sonra sənədi belə tərənnüm ediblər: “Sənəddə Azərbaycan tərəfinin tələbi, Ermənistan tərəfinin razılığı var”.
Başqa necə olmalıydı? Müharibədə qalib tərəfin məğluba şərtlərini diktə etmək hüququ var. Belə bir iddia da ortaya atıblar ki, Azərbaycan Ermənistanın 29.8 min kvadratkilometr ərazisini tanımaq fikrində deyil. Erməni deputatın iddiasına görə, yazışmalarda ümumi ifadələrə üstünlük verilir, Ermənistan ərazisinin isə sərhədin delimitasiyasından sonra bəlli olacağı nəzərdə tutulur. Təkliflərə anklavlar və yolların blokadadan çıxarılması da daxildir.
“Təkliflərlə tanışlıq qorxularımızı gücləndirdi”, - bu, müxalif deputatın “Hraparak”a açıqlamasında son cümləsidir.
Yenə qeyri-adi heç nə yoxdur, anklav kəndlər məsələsi həll olunmayana qədər Azərbaycanın Ermənistanın konkret ərazisi çərçivəsində ərazi bütövlüyünü tanıması mümkün deyil. Kəndlərimiz hansısa formada və ya ərazi mübadiləsi şəklində geri qaytarılmalıdır. Əgər Ermənistan Qərbi Zəngəzurun əlindən çıxacağından qorxursa, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu halda Azərbaycan da Qərbi Zəngəzur daxil Ermənistanın ərazi bütövlüyünü tanıyacaq, əks halda, yəni İrəvan Qarabağ bəndinin sülh sazişinə salınmasına çalışacaqsa, Azərbaycanın da Qərbi Zəngəzura iddiası davam edəcək və sülh sazişi imzalanmayacaq. Bu isə Baş nazir Nikol Paşinyanın sonunu gətirəcək. Ona görə Paşinyan və Ermənistan üçün ən optimal yol zəif müxalifətin reaksiyasından asılı olmayaraq, Azərbaycanın şərtləri çərçivəsində sülh sazişini imzalamaqdır”.