"Rusiya hər ilin yekununda MDB dövlət başçılarının qeyri-rəsmi sammitini keçirir. Bu dəfə Ukraynada Qərblə Rusiya arasında davam edən geosiyasi qarşıdurma fonunda Moskvanın MDB-ni toplaması Qərbə mesaj xarakterlidir".
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, Rusiya MDB üzvü ölkələrə bərabərhüquqlu tərəfdaş kimi baxmır, bu səbəbdən birlik dağılmağa məhkumdur:
“Hazırda Ukrayna ilə bağlı Qərbdə dərinləşən fikir ayrılıqları, ABŞ-nin Kiyevə hərbi yardımının faktiki dayandırılması müəyyən qədər Rusiyaya təşəbbüsü ələ almaq imkanları yaradıb. Üstəgəl, Moskva ərəb ölkələri ilə əlaqələrini yeni müstəviyə daşıyır. Mövqeyini gücləndirdiyini düşünən Putin post-sovet məkanını da unutmur. Putin ABŞ və Avropa Birliyinin MDB coğrafiyasında geosiyasi mövqelərini gücləndirməsindən narahatdır. Ukraynada davam edən müharibə, Ermənistanın Qərbə meyllənməsi, Gürcüstanın Avropa Birliyinə üzvlük namizədliyini alması, Çin və ABŞ-nin Mərkəzi Asiyada mövqelərini gücləndirməsi Kremldə narahatlıq yaradır. Zənnimcə, Rusiya lideri MDB sammiti çərçivəsində bu mövzuları gündəmə çıxaracaq.
Rusiya nə qədər Qərb qarşısında MDB-ni gücləndirməyə, onu güclü inteqrasiya birliyinə çevirməyə çalışsa da, Kremlin apardığı qeyri-konstruktiv siyasətinə görə təşkilat parçalanır. Gürcüstan və Ukrayna birlikdən çıxıb, Moldova gələ il ayrılacaq, Ermənistan yayınır və çıxmaq üçün fürsət axtarır. Digər üzvlər də bunun formallığını anlayırlar, elə Rusiyanın özü də. MDB-ni parçalanmağa məhkum edən əsas faktor Rusiyanı bunu öz imperiya ambisiyası yönündə istifadə etmək cəhdidir”.
Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya nə qədər birləşdirməyə çalışsa da, MDB hər il zəifləyir:
“Mərkəzi Asiya ölkələri, xüsusən Qazaxıstan və Özbəkistan MDB çərçivəsində iqtisadi əlaqələrdə maraqlıdır. Yeni siyasi düzənin qurulması ərəfəsində bu ölkər MDB-dəki fəaliyyətlərini aşağı salır. Azərbaycan da MDB-yə yalnız dialoq platforması kimi baxır. Eyni zamanda, Azərbaycan üzv dövlətlərlə ikitərəfli əlaqələrin saxlanılması və inkişafında maraqlıdır. Başqa bir müstəvi milli maraqlarımıza uyğun deyil.
MDB birlik kimi inkişaf edə bilmədi. Rusiyanın imperiya ambisiyası buna imkan vermədi. Rusiya üzv ölkələrə tərəfdaş kimi yox, “arxa bağça” və ya “təbəə” kimi baxdı, baxır. Buna görə də, MDB müstəvisində nəzərdə tutulan plan fiaskoya məhkumdur”.