Kreml Qərbin Rusiyaya qarşı sanksiyalarını Çin və Hindistanla ticarət əlaqələrini genişləndirməklə kompensasiya etməyə çalışır. Rusiya qazı və nefti əsasən Çin və Hindistana istiqamətlənib. Rusiyanın Çinə nəql etdiyi qaz son ildə dəfələrlə artıb. Rusiyanın Hindistanla da ticarət mübadiləsi iki dəfə artaraq, 55 milyard dollara yaxınlaşıb. Bu iki ölkə arasında rekord göstəricidir. Rusiya Hindistanın dördüncü ticarət tərəfdaşıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri bildirirlər ki, buna baxmayaraq, Hindistanın əsas ticarət tərəfdaşı ABŞ-dir:
“İki ölkə arasında ticarət mübadiləsi 100 milyard dollar civarındadır. Rusiya Amerikadan geri qalmaq istəmir. Rusiyalı ekspertlərin fikrincə, 2030-cü il üçün Hindistanla ticarət mübadiləsinin həcmi 100 milyard dollara çata bilər. Rusiya Hindistana neft satışını artıracaq, bu ölkədən isə əsasən dərman preparatları və kimyəvi məhsullar alacaq.
Rusiya Hindistanla hərbi sahədə də əməkdalığını genişləndirməyə can atır. Ancaq Ukrayna müharibəsi fonunda Hindistanın Rusiyanın hərbi texnikasına marağı azalıb. Bu arada, Hindistanın yaxın illərdə hərbi kosmik peyklər parkını 100 cihazla artırmağı planlaşdırdığı bildirilib.
“The Times of India” nəşri Hindistanın yaxın və uzaq kosmosda əməliyyatların aparılması üçün Kosmik Komandanlıq yaradacağını iddia edir. Hindistan Hərbi Hava Qüvvələri kosmosdan həm hücum, həm də müdafiə məqsədləri üçün səmərəli istifadə üçün yeni doktrina hazırlayıb. Doktrina hökumətə təqdim edilib. Sənəddə Hərbi Hava Qüvvələrinin Hindistan Aerokosmik Qüvvələrinə çevrilmək təklifi də yer alıb”.
Məqalədə vurğulanır ki, Hindistan hərbi gücünü attırmağı qarşısına hədəf qoyub:
“Bu gedişat Azərbaycanda da diqqətlə izlənilir. Azərbaycan Hindistanın Ermənistana raket və digər hərbi texnika satmasını istəmir. Ermənistanın silahlanması bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir. Bu səbəbdən Bakı diplomatik kanallarla Dehliyə öz narahatlığını çatdırıb”.