İranın Cənubi Qafqaz bölgəsində vəziyyət və nəqliyyat dəhlizləri (Zəngəzuru nəzərdə tutur – red.) ilə bağlı dəqiq mövqeyi var.
Teleqraf.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
“Region ölkələrində sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün böyük səylər göstəririk. Biz bildiririk ki, tranzit əməkdaşlığının inkişafı geosiyasi dəyişikliklərə, ölkələrin ərazi bütövlüyünün və milli suverenliyinin pozulmasına əsas ola bilməz”, - İran rəsmisi vurğulayıb.
Dünən Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin 2028-ci ilədək işə düşəcəyini açıqlamışdı.
İran bundan əvvəl də dəfələrlə Zəngəzur dəhlizinə qarşı çıxıb. Molla rejimi bu projeni “Ermənistanın ərazi bütövlüyünün pozulması” kimi qəbul edir. Ermənistanı “qırmızı xətt” adlandıran İran dəfələrlə açıq və qapalı formada Azərbaycana hədyanlar ünvanlayıb.