ABŞ Güney Qafqazdakı prosesləri bir formada - öz moderatorluğunda aparmaqda maraqlıdır. Amerikanın məqsədi ondan ibarətdir ki, əgər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaqsa, bu, Vaşinqtonun vasitəçiliyi ilə həyata keçməlidir.
Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, bu, onlar üçün nüfuz məsələsidir, həm də maraqlarına uyğundur:
“Amerikanın moderatorluğu vasitəsilə sülhün imzalanması Rusiyanın Güney Qafqazda sıxışdırılması prosesində əlavə stimullar ola bilər. Amerika və Türkiyə arasındakı bütün narazılıqlara və anlaşmazlıqlara baxmayaraq, onlar NATO blokunda müttəfiq sayılırlar. Amerika Türkiyəni özünün ən vacib müttəfiqlərindən və tərəfdaşlarından biri saydığını bəyan edir. Hərçənd, bu, əməldə nümayiş etdirilməsə də, bəyanat şəklində söylənilir. ABŞ Azərbaycan-Türkiyə əlaqələri, o cümlədən bu münasibətləri taclandıran, rəsmiləşdirən Şuşa Bəyannaməsi ilə tanışdır, bunu yaxşı bilir. Türkiyənin bölgədəki rolunu və imkanlarını dəyərləndirir. O baxımdan regional məsələlərdə Türkiyə ilə bu məsələlər müzakirə olunmalıdır. Amerika çox yaxşı bilir ki, Güney Qafqazı təsir edən ən regional dövlətlərdən biri Türkiyədir. Türkiyə isə bizim yanımızdadır. Bütün istiqamətlərdə münasibətlərimiz inkişaf edir. Xüsusilə də hərbi texniki sahədə, o cümlədən Azərbaycan ordusunun modernləşməsində Türkiyə təcrübəsindən istifadə edilməsi də bu məsələlərə əlavə təkan verir. Amerika bir çox məsələlərdə Türkiyənin rolunu və imkanlarını qəbul etmək məcburiyyətindədir. Gözəl bilir ki, Türkiyənin imkanlarını hesaba qatmadan və ondan istifadə etmədən Güney Qafqazda yalnız başına Fransa ilə bir yerdə uğur qazanmaq imkanları kifayət qədər məhduddur”.
Oqtay Qasımov bildirib ki, məsələ ilə bağlı Türkiyə tərəfindən səsləndirilən bəyanat ilk olaraq xoş niyyəti əks etdirir.
“Türkiyə haqlı olaraq bir daha Ermənistanın diqqətinə çatdırır ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın öhdəliyidir. Yəni Ermənistan 10 noyabr üçtərəfli bəyanatında bu istiqamətdə üzərinə öhdəlik götürüb. Bu öhdəliklər yerinə yetirilməlidir. Bu dəhlizin açılmasının region ölkələrinin hamısının faydasına olduğu bir daha diqqətə çatdırılır. Ən azı Ermənistan bu dəhlizin açılacağı halda İranla əlaqələrini rahat şəkildə quracaq. Çünki hazırkı şərtlərdə Zəngəzur üzərində avtomobillərlə yük daşınması kifayət qədər mürəkkəb və çətin bir prosesdir. Əgər Zəngəzur dəhlizi açılarsa, artıq İranın hazır dəmir yolu strukturları bu xəttə qoşula bilər. Necə ki, sovet dövründə belə bir imkan vardı. Culfa üzərindən qoşulma imkanları var. Mehridən də Naxçıvan üzərindən İrəvana getmək, Zəngəzur üzərinə getməkdən ən azı yol baxımından faktiki olaraq iki dəfə məsafəni qısalda bilər. Relyefə görə daşımanın sürətini və həcmini daha böyük edə bilər. Ermənistan burada da uda bilər. Digər tərəfdən, Azərbaycanla üzərindən Rusiya ilə əlaqələr yük daşınmaları həyata keçirilə bilər. Ermənistan Zəngəzur dəhlizinin açılması ilə həm də Orta Asiya, Hindistan və digər Asiya istiqamətində olan ölkələrlə öz əlaqələrini genişləndirə bilər. Bu baxımdan verilən mesaj həm də o baxımdan əhəmiyyətlidir ki, bu kommunikasiya xəttinin açılması hər kəsə faydalı olacaq. Önəmli olan odur ki, Türkiyə tərəfi bu məsələdə özünün mövqeyini ifadə edir. Ermənistana həm də mesaj verilir ki, bu öhdəliklər yerinə yetirilməlidir. Bu region ölkələrinin hamısının marağındadır. O cümlədən Ermənistanında öhdəliyidir”.