"Çapar" yayınlarının baş redaktoru Dilqəm Əhməd Rusiya Xarici Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni jurnalistin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı təxribatçı sualına cavabı ətrafında yaranan müzakirələrlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zaxarova Məhəmməd Əmin Rəsulzadəni erməni faşist Qaregin Njde ilə eyni tərəziyə qoyaraq Nasist Almaniyası ilə əməkdaşlığına eyham vurdu. Rəsulzadəni faşist adlandırmaq hansı məntiqə sığır?
- Ümumiyyətlə, bu məsələnin Azərbaycan ictimaiyyətində müzakirəyə çıxarılmasına qarşıyam. Özümüzü belə iftiraya cavab vermək məcburiyyətində hiss etməməliyik. Amma istər-istəməz palçıq atıldığı zaman bəzi insanların qəlbində xal qala bilir ki, görəsən, doğrudurmu? Baxın, burada önəmli olan ilk sual budur: “Almanlarla əməkdaşlıq” anlayışı nə deməkdir? Bu o deməkdir ki, hər hansı bir dövlət, təşkilat, şəxs nasistlərlə gizli müqavilə imzalayır, üçüncü bir ölkəyə, xalqa qarşı çirkin planlar qurur. Bu baxımdan anlayışa daxil olan ilk və tək dövlət Rusiyanın özüdür. 23 avqust 1939-cu ildə imzalanan Molotov-Ribbentrop paktı ilə Stalin Hitler ilə əməkdaşlıq edib, Azərbaycan mühacirətinə böyük dəstək verən Polşa dövlətini ələ keçiriblər. Bu baxımdan Rusiyada gərək faşist Hitlerlə əməkdaşlıq edən Stalinin kitabları çap edilməsin, abidəsi varsa, ləğv olunsun. Hələ biz onu müzakirəyə çıxarmırıq ki, Stalin diktaturası da Hitler rejimi kimi qaniçən, qırğın törədən, xalqları yerindən-yurdundan edən bir idarəçilik olub. Bu baxımdan Qaregin Njde ilə Stalinin Hitlerlə əməkdaşlıq etmək kimi ortaq taleləri var.
Njde ilə Rəsulzadə soyadlarını yanaşı çəkmək həm tarixə, həm də vicdana sığmayan bir məsələdir. Müsəlman şərqində ilk demokratik respublikanı quran, azlıqların da təmsil olunduğu parlamenti yaradan, “insanlara hürriyyət, millətlərə istiqlal” şüarını rəhbər tutan bir xadimə iftiradan başqa bir şey deyil. Çünki Rəsulzadə 18 yaşından etibarən rus imperializmi ilə mübarizə aparıb. İctimai-siyasi fəaliyyətinin az qala 50 ili özünün də dediyi kimi rəngindən asılı olmayaraq rus işğalı və ruslaşdırma politikası ilə mücadilədə keçib.
Rəsulzadə 1917-ci ildə Rusiya müsəlmanlarına ümid olmuşdu, 1918-ci ildə Qafqaz xalqlarına azadlıq istəmişdi. Ona görə də o zamankı imperialist zehniyyətin qalıntıları Rəsulzadəni bağışlaya bilmirlər. Çünki Rəsulzadə həm Azərbaycan, həm Qafqaz, hətta Rusiya məhkumu türklərin istiqlal simvollarındandır. Ona görə də bu simvola hücum edirlər. Amma boşunadır. 70 il hücum etdilər, nə oldu? Kommunist mətbuatı Rəsulzadə əleyhinə yazılan məqalə və şeirlərlə doludur. Bu gün onları kim xatırlayır?
- Onlar davamlı olaraq Rəsulzadəni Qaregin Njde ilə müqayisə edirlər. Sizcə, Rəsulzadə ilə Qaregin Njde arasında Nasist Almaniyasına yanaşmada hansı fərqlər var idi? Eyniləşdirmək nə dərəcədə doğrudur?
- Njdenin fəaliyyəti bəllidir. Tarixi torpaqlarımızda qırğınlarla, terrorla məşğul olub. Daha sonra almanlarla cinayət ortağı olub. Njde insan öldürməklə məşğul olduğu zaman Rəsulzadə ermənilərin də yer aldığı demokratik parlamenti təsis etmişdi. Yəni bu iki adın bir cümlədə çəkilməsi belə xoş hal deyil. II Dünya müharibəsi illərində almanlar əksər mühacir liderlərlə yanaşı Rəsulzadəni də Berlinə dəvət etmişdilər. Məhəmməd Əmin bəy bu dəvəti qəbul etmiş və bir toplantıda iştirak etmişdi. Çünki İkinci Dünya müharibəsi artıq əsas dönüm nöqtəsinə girmişdi, Almaniya-Rusiya müharibəsi başlamışdı. Bu müharibə Rusiyanın işğal etdiyi ölkələrin siyasi təmsilçilərinin biganə qalacağı məsələ deyildi. Ona görə də Rəsulzadə bu iki imperialist gücün toqquşması nəticəsində Qafqazın azad ola biləcəyini ehtimal edib öz təkliflərini irəli sürüb. Almanlara 11 iyun 1942-ci ildə təqdim olunan memorandumda Rəsulzadə Azərbaycan tarixinin ən önəmli mərhələlərini yazıb. Azərbaycan türklərinin müstəqil dövlət qurduğunu və istiqlala qovuşduğunu bildirib.
Oxuculara aydınlıq olsun deyə, mən sizə həmin memorandumdan bir hissəni çatdırmaq istəyirəm:
“22 ildir ki, Azərbaycan xalqı təsviri qabil olmayan məzalimə qatlanaraq özünə yad mənfur rus-bolşevik hakimiyyətinə qarşı dayanmadan, yıxılmadan çarpışır. Ən dəyərli övladlarını hürriyyət naminə qurban verərək bolşeviklərə qarşı kin ifadə edən minlərlə parlaq vaqiələr və milli haqq ilə xüsusiyyətlərinə qarşı edilən təcavüzlər əleyhindəki daimi protestlər ilə Azərbaycan xalqı tək bir məqsəd güddüyünü isbat etmişdir: O, milli qurtuluşa susamış və bütün varlığı ilə milli Azərbaycan Cümhuriyyətinin siyasi istiqlalının geri alınması üçün çalışır”.
Açıq-aydın deyilmi? Rəsulzadə sırf Azərbaycanımızın istiqlalının geri qaytarılmasının mümkünlüyünün yoxlanılması baxımdan bir memorandum təqdim edib. Almanların isə planı başqa idi. Qafqazda qubernatorluqlar qurulacaq və Bakı nefti daxil hər şey onların olacaqdı. Burada Rəsulzadəyə sadəlövh kimi də baxılmasın ki, o, bəyəm bilmirdi ki, almanlar müstəqillik tələbinə qarşı çıxacaq? Məsələ ondadır ki, tarixi dönüm nöqtəsi idi və Rəsulzadə ən azı almanların Qafqaz planını bilməli idi. Bildi də.
Almanlar müstəqillik tələbini rədd etdikləri üçün o da Almaniyanı tərk etdi. Yeri gəlmişkən, Azərbaycan legionunda təmsil olunan, Əbdürrəhman Fətəlibəylinin müavinlərindən olan irəvanlı Cabbar İbrahimoğlu Ərtürk xatirələrində yazır ki, o kritik illərdə Polşada və sonra da Avstriyada olan Məhəmməd Əmin Rəsulzadə şəxsən Fətəlibəyli tərəfindən dəvət edildi. "Gəlin bizim Komitə sədrliyini sizə təhvil verim və keçmiş dövlət başqanımız olaraq bizi almanlar və digər dövlətlərin qarşısında təmsil edin" dediyi halda mərhum Rəsulzadənin verdiyi cavab bu oldu: "Mən keçmiş dövlət başqanı olaraq Almaniya idarəçiliyindəki bir komitənin başqanı olaraq özümü kiçiltmərəm". Bu xatirə doğrudur. Çünki alman tədqiqatçı Mühlen özü də əsərində bunu yazıb. Mərhum Ramiz Abutalıbov, gürcü tarixçi Giorgi Mamulia da bu barədə yazıb. Yeri gəlmişkən dünən başa çatan “II Beynəlxalq Rəsulzadə Qiraətləri” konfransında Almaniya və Polşadan olan alimlər də bu iddianı dəlillərlə çürütdülər.
- Rəsulzadənin Berlinə girməsinə niyə qadağa qoyulmuşdu?
- Almanlarla əməkdaşlığı qəbul etmədiyi üçün Rəsulzadə 1943-cü ilin avqustunda yenidən Rumıniyaya qayıdır. Çünki artıq almanların nəzərində istənilməyən adam olur. Almanlar Əbdürrəhman Fətəlibəyli ilə çalışırlar. Rəsulzadə müharibə dövründə Almaniyada türk və müsəlman xalqların xilası üçün çalışıb. Hətta sünnətli olduqları üçün müsəlmanların da yəhudi hesab edilib öldürülməsinin qarşısını alanlardan biri də o olub. Rumıniyanın işğalından sonra Avstriyaya keçib, daha sonra Almaniyanın Mittenvald qaçqın düşərgəsində xanımı ilə birgə yaşayıb. 1947-ci ildə Ankaraya gedib. Rəsulzadə sırf Azərbaycan, Qafqaz və Rusiyadakı türk xalqlarının istiqlalçı liderlərindən olduğu üçün hər zaman Rusiya tərəfindən belə ittihamlara məruz qalıb, qalacaqdır. Fikir verməməliyik. Cənab Prezident İlham Əliyev 140 illiklə bağlı sərəncam imzalayıb. Bu il Rəsulzadə ilə bağlı görüləcək işlər həm də ona iftira atanlara cavab olacaq.