Azərbaycan Prezidenti İlham Əliyevin dostluğu Türkiyə üçün əvəzsiz sərvətdir
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Aydınlık” qəzetində Qaffar Yakınca yazır.
“Əliyev gücünü hakimiyyətdə olduğu müddətdə öz performansı ilə qazanıb. Bəlkə də, dünyada ən çətin iş çox məşhur, çox uğurlu bir liderin (Heydər Əliyev) davamçısı olmaqdır. Çünki böyük liderlərin mirası ağır olur və onların davamçıları çox vaxt o yükün altında əzilirlər. Əliyev isə bu çətin mirasın altında əzilmədi. Əksinə, atasının vəsiyyətini məcburi siyasi hədəflər kimi qəbul etdi və onların önəmli hissəsinə nail oldu. Onun dövründə Azərbaycan misilsiz inkişaf və tərəqqi göstərdi. İqtisadiyyat güclənib, təhsil, səhiyyə, təhlükəsizlik və vətəndaş xidmətləri yaxşılaşıb. İnfrastruktur, tikinti və texnologiya sərmayələri sayəsində Azərbaycan hətta bəzi Avropa ölkələrini də üstələyən həyat keyfiyyətinə çatıb”, - jurnalist bildirir.
Qaffar Yakınca qeyd edir ki, Əliyev inkişaf və tərəqqi məsələlərində çox uğurlu rəhbərdir:
“Amma bütün bunlardan qat-qat vacib olan başqa bir hədəfə onun sayəsində çatıldı. İlham Əliyev Azərbaycanın 30 ildir işğal altında olan torpaqlarını erməni işğalçılarından geri aldı. Bu, dünyanın hansı ölkəsində olur-olsun, bir liderə ömrünün sonunadək dövlət başçısı taxtında oturmağa bəs edəcək qədər böyük hadisədir. Əliyev bu uğuru siyasətin bütün vasitələrindən məharətlə istifadə etməklə əldə edib. Bir tərəfdən ordunun, digər tərəfdən də diplomatik zəminin hazırlanması... Daxildə milli birliyi təmin edəcək və xaricdə haqlılığı gücləndirəcək fəaliyyət və təmaslar... Sonda şəxsi tərəfindən idarə idarə edilən qaynar müharibə... Dünya tarixində nadir rast gəlinən mütləq qələbə 44 gün kimi qısa müddətdə əldə edilib”.
Yazar qeyd edir ki. Əliyev bu qələbə sayəsində heç bir seçki ilə əldə edilə bilməyən bir mərtəbəyə yüksəlib və milləti üçün əbədi Ali Baş Komandan olub:
“Bütün türk dünyasında da çox seçkin bir yer qazanıb. Çünki türk dünyası 1922-ci ildəki Qurtuluş Savaşımızdan sonra ilk dəfə savaşla əraziləri azad etmişdi.
Şübhəsiz ki, Əliyev Türkiyədə də çox sevilən liderdir. Biz onu sevməyinə sevirik, amma düşünürəm ki, İlham Əliyevin önəmini kifayət qədər dərk etmirik. Şərq sərhədimizdə, bütün Asiya və türk dünyasına açıldığımız ilk dayanacaqda türk xalqını yaxşı tanıyan, Türkiyəni çox sevən bir liderin olması bizim üçün böyük şansdır.
Üstəlik, Əliyev və komandasında bizdə olmayan bir şey var: türk dünyasının digər liderləri ilə eyni mədəni mühitdən gəlirlər. Oxşar tarixi problemləri, müstəqillik hekayələri var, ən əsası eyni dildə danışırlar.
Türkiyənin inkişaf və tərəqqi hekayəsi Qərb hekayəsidir. Biz Şərqi və öz coğrafiyamızı yenicə tanımağa başlayırıq. Azərbaycan həm Şərqi, həm də keçmiş sovet coğrafiyasını bizdən yaxşı bilir. Əliyevin şəxsi xüsusiyyətləri bu baxımdan mükəmməl kombinasiyadır. Rusiyada diplomatiya təhsili almış, illərlə müəllim işləmiş, Türkiyəni yaxından tanıyan, atasının yanında uzun müddət sovet əsilli liderlər arasında təcrübə qazanmış bir isimdir. Diplomat olduğu üçün Qərbi çox yaxşı tanıyır, ingilis və fransız dillərini yüksək səviyyədə bilir. Türkiyədə də yaşayıb, ölkəmizi, dilimizi çox gözəl bilir. Rus dilini və bütün keçmiş sovet coğrafiyasını mükəmməl bilir. Bu səbəbdən Əliyevin dostluğu Türkiyə üçün əvəzsiz bir sərvətdir”.