Rusiya erməniləri Qarabağa qaytarmağa çalışır. Təsadüfi deyil ki, rusların sülh müqaviləsi ilə bağlı bütün təkliflərində bu məsələ də yer alır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Rusiya yenidən aktiv şəkildə Azərbaycan və Ermənistan arasına “vasitəçi” kimi girməyə çalışır. Bu günlərdə Prezident İlham Əliyevə zəng edən Avropa Birliyinin rəhbəri Şarl Mişel ondan Büressel formatına qayıtmalarını xahiş edib. Prezident Brüsseldə görüşməyin əleyhinə deyil, amma Fransa iştirakı etməməlidir. Bu, dəfələrlə dilə gətirilib. Yəni Kremli hərəkətə gətirən Brüssel formatının yenidən gündəmə çıxarılmasıdır. Hər vəchlə prosesin Brüsseldə davam etdirilməsinin qarşısını almağa çalışırlar”, - ekspert bildirib.
Məhəmməd Əsədullazadə xatırladıb ki, Moskva bu günlərdə xüsusi nümayəndəsi İqor Xovayevi Bakıya göndərib:
“Xovayev səfərini Bakı ilə məhdudlaşdırdı, İrəvana getmədi. Çünki Nikol Paşinyan Rusiyanın vasitəçiliyindən imtina edib. Bakı Brüssel kimi Moskvanın da vasitəçiliyinin əleyhinə deyil, yetər ki, vasitəçilərdən heç biri maraqlarımıza zidd getməsinlər.
Mövcud fon hələlik Kremlin vasitəçiliyinə imkan vermir. Əlbəttə, Bakı bir müzakirə formatı kimi Moskvaya gedə, müzakirələrə qatıla bilər, amma əleyhimizə olan heç bir təklif qəbul olunmayacaq. Bu, vasitəçi olmaq istəyən Vaşinqton və Brüsselə də aiddir.
Rusiyaya gəlincə, Qarabağ ermənilərini geri qayıtarmağa çalışır. Bunu da ermənilərdən çox öz sülhəramlılarını Azərbaycan ərazisində uzun müddət saxlamaq üçün istəyir. Rusiyanın bu yöndəki təklifləri Azərbaycanda qəbul edilməyəcək. Bu, daxili işlərimizə qarışmaqla yanaşı, sülh gündəliyi, suverenlik və ərazi bütövlüyümüzə təhdiddir. Ona görə də Xovayev Bakıdan əliboş qayıdıb. Belə təkliflərlə gələn və ya gələcək qərbli vasitəçilərin də Azərbaycanın paytaxtında əlidolu gedəcəklərini düşünmürəm”.