Ermənistan Ədliyyə Nazirliyində Konstitusiya İslahatları Şurasının iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasın gündəliyinə yeni Konstitusiyanın xüsusiyyətləri və ya Konstitusiyaya əlavə və dəyişikliklər, Konstitusiyanın daxili strukturu və modeli üzrə məsələlər daxil edilib.
İclasda Şura üzvləri Konstitusiyaya dəyişikliklər və ya yenisinin qəbulu ilə bağlı beynəlxalq təcrübə üzrə komissiyanın hesabatını dinləyib, daha sonra müzakirələr aparılıb.
Şuranın işinin daha sistemli və dövri olmasının zəruriliyi ilə bağlı digər məsələlər də sessiyanın gündəliyinə daxil edilib. Bu kontekstdə şuranın baş nazirin qərarı ilə yaradıldığı nəzərə alınaraq, Konstitusiya islahatları prosesinin gələcək istiqamətləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün Baş nazir Nikol Paşinyanın iştirakı ilə müzakirələrin təşkili təklif olunub.
Şura gündəlikdəki əsas məsələlərin növbəti iclasda müzakirəyə çıxarılması barədə qərar qəbul edib.
Yeni Konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının çıxarılması gözləntisi var. Söhbət belə absurd iddiaların yer aldığı Müstəqillik Aktına istinadın yeni Konstitusiyadan çıxarılmasından gedir.