2 Aprel 18:10
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hərbi təlimlər adı altında ordunu Azərbaycanla sərhəddə cəmləşdirməsi sıradan bir məsələ deyil. Əgər bu ölkə doğrudan da hərbi təlimlər keçirirsə, bunu Azərbaycanla sərhəddə icra etməyə ehtiyac yoxdur. Bu addımın atılması təxribat xarakteri daşıyır. Məqsəd indiki həssas dönəmdə daha çox diqqəti cəlb etməkdir. Erməni tərəfi burada gərginliyin olduğu görünütüsü yaradaraq beynəlxalq ictimaiyyətin məsələyə reaksiya verməsinə çalışır.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

O qeyd edib ki, Ermənistanın son zamanlar tutduğu mövqe və ritorikada müəyyən dəyişikliklər var:
“5 aprel Brüsseldə keçiriləcək görüş və Azərbaycanın 4 kəndinin qaytarılması ilə bağlı Ermənistanın daxilində gedən proseslər bu xüsusda diqqəti çəkir. Fakt odur ki, Ermənistan sülh müqaviləsini imzalamır və vaxtı uzadır. Bu, Ermənistanın daxilindəki gərginlik fonunda onun havadarlarının təzyiqi və təsirinin nəticəsidir. Məhz bu kontekstdə Ermənistan və havadarlarının sifarişi ilə hər hansı təxribatın olması ehtimalı istisna olunmur”.

Polkovnik hesab edir ki, erməni tərəfi bu addımları ilə təhlükə fonu yaratmağa çalışır:
“Bununla da beynəlxalq güclərin diqqətini cəlb etmək məqsədi güdür. Ermənistana lazımdır ki, təhlükə fonunun nəticəsində beynəlxalq qurumlar işə başlasın. Belə olduğu halda beynəlxalq qurumların qəbul etdiyi qərarlar əsaslanaraq, yeni oyunçular, o cümlədən, Fransa Ermənistanda təsirini genişləndirə bilər. Ermənistan bu zərurətdən təxribat törədə bilər. Sözsüz ki, Azərbaycan buna cavab verəcək. Bu halda məlum ssenari işə düşəcək”.

Şair Ramaldanova görə, təxribatlarda həmçinin Qərb və ABŞ-nin Rusiyaya müəyyən təzyiq amili də var:
“Çünki bu güclər açıq-aşkar məqsədlərinin Rusiyanı bölgədən çıxarmaq olduğunu gizlətmir. Ermənistanın Rusiyaya qarşı ritorikasında da bu dəyişikliklər müşahidə edilir. Ona görə də, burada açıq hədəf Rusiyadır. İranın da onların hədəfində olduğunu nəzərə alsaq, proseslərin sərhəddə baş verməsi region üçün müsbət heç nə vəd etmir”.

Ekspert bildirib ki, Ermənistan ordusunun texnikaları sərhədə toplamasına qarşı Azərbaycan lazımi tədbirlər görür:

“Genişmiqyaslı əməliyyatların aparılması üçün Ermənistanın gücü və imkanı yoxdur. Ermənistan Azərbaycana qarşı hər hansı addım atarsa, Bakı daha sarsıdıcı cavab verəcək. Uduzan tərəf yenə də Ermənistan olacaq”.


Müəllif: Əsəd Məmmədəliyev