29 Yanvar 2015 02:07
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının üçüncü günü fövqalədə müzakirələr kimi deputatlar “Parisdə terrorizm aktları: demokrtaik məsələyə birgə baxış” mövzusu ilə bağlı fikir mübadiləsi aparıblar.

Teleqraf.com-un məlumatına görə, müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib ki, dünyanın heç bir yerində bu cür hadisələrin təkrar yaşanmaması üçün birlikdə çalışmalıyıq. Amma bu terroru İslam dini ilə əlaqələndirmək istəyənlərə qarşı da kəskin etirazımızı bildirməliyik.

İslam terrora deyil, sülhə çağıran bir dindir. Bəzi siyasətçilərin Avropada islamafobiyanın artmasını sürətləndirən çıxışları hamımızı ciddi narahat etməli, bunun nə qədər böyük gərginliklər yarada biləcəyini düşünməli və belə açıqlamalara kəskin etirazımızı bildirməliyik. Eyni zamanda, söz azadlığını dəstəkləməklə yanaşı, biz dini mənsubiyyətindən asılı olmayaraq insanların dini inanclarının təhqir olunmasına da kəskin etirazımızı bildirməliyik.

Unutmamalıyıq ki, bu, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa zərbə vura bilər. Eyni zamanda, təşkilatımız və quruma üzr dövlətlər bu cür məsələlərə yanaşmada ikili standartlardan çıxış etməməlidirlər. Fransada terror hadisəsi zamanı bir çox ölkələrin rəhbərləri fransız xalqı ilə həmrəy olaraq terror əlehinə yürüşdə iştirak etdilər. Biz bunu dəstəkləyirik. Harada, kim tərəfindən, kimlərə qarşı törədilməsindən asılı olmayaraq insanların qətlə yetirilməsinə, terrora qarşı bu cür mövqe ortaya qoyulmalıdır.

Hansı üzv dövlətin ərazisində baş verməsindən asılı olmayaraq terrora, soyqırımına qarşı eyni mövqe sərgilənməlidir. Amma təssüf ki, biz bunu görmürük. Ermənistan tərəfindən Azərbaycanda törədilən terror aktları, soyqırımlar zamanı Avropa siyasətçiləri və liderlərinin əksəriyyəti buna etiraz edən açıqlamalar vermədilər.

Assambleyamız və üzv ölkələr birlikdə çalışmalı və dinc insanları qətlə yetirənlərin layiq olduqları cəzanı almasına nail olmalıdır. Avropanın gələcəyi üçün bu cür yanaşma ortaya qoyulmalıdır. Eyni zamanda, Avropada islamafobiyanın, antisemitizmin, rasizmin artmaması üçün birlikdə çalışmalıyıq.


Müəllif:

Oxşar xəbərlər