3 Aprel 22:53
1 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və İran strateji əməkdaşlığı dərinləşdirir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiya və İran strateji tərəfdaşlığı dərinləşdirən yeni saziş imzalamağa hazırlaşır:

“Mətn üzərində işlər bitmək üzrədir, iki ölkənin diplomatları son bəndləri razılaşdırırlar. Sazişi iki ölkənin prezidentləri Vladimir Putin və İbrahim Rəisi imzalayacaq. Yeni sazişə ehtiyac o səbəbdən yaranıb ki, son illərdə iki ölkə arasında strateji əməkdaşlıq dərinləşib, siyasi-iqtisadi əlaqələrə hərbi-texniki yardımlaşma da əlavə olunub. Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi İran istehsalı olan dron və raketlər buna sübutdur.

Bu arada, Moskva İsrailin İranın Suriyadakı konsulluğuna raket zərbəsini qətiyyətlə pisləyib. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi İsrailin İran konsulluğuna zərbəsini təşkilatın müzakirəsinə çıxarıb. Halbuki Rusiyanın keçmiş illərdə İsraillə tərəfdaşlıq münasibətləri vardı, Kreml sahibi bu ölkəyə səfər də etmişdi. İndi Kreml İranı seçib”.

Elxan Şahinoğlu İran-Rusiya müttəfiqliyinin Azərbaycana mümkün təsirlərinə də toxunub:

“Rusiya-İran strateji tərəfdaşlığı və yeni sazişin Cənubi Qafqaz, o cümlədən Azərbaycana hansı təsirləri ola bilər? Azərbaycanla İran arasında münasibətlərdə sualların sayı azalmır. Azərbaycanın Rusiya ilə münasibətlərində isə hazırkı mərhələdə dərin fikir ayrılığı yoxdur. Buna baxmayaraq, Rusiya İranın strateji tərəfdaşı, hətta müttəfiqi kimi çıxış edəcəksə, bu, Kremlin Tehranın Azərbaycana yönəlik siyasətini də dəstəkləməsi anlamı daşıyacaq. Bu isə artıq Azərbaycan maraqlarına toxunacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu