6 Aprel 12:38
9 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldə ABŞ və Avropa Birliyi ilə keçirilən görüşdə vəd olunan maddi vəsait Ermənistana durumu dəyişmək üçün bəs etməyəcək. Ermənistan 4 il ərzində Avropa Birliyindən cəmi 270 milyon avro, ABŞ-dən 65 milyon dollar alacaq.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.

“ABŞ və Avropa Birliyinin bizə kömək etməsi xoşdur, amma bunlar bizim durumu dəyişəcək rəqəm deyil. Məsələn, Ukraynaya 270 milyon avro yox, 300 milyard dollar ayrılıb, Azərbaycana gəlincə, təkcə Britaniyanın Azərbaycana yatırdığı sərmayə 35 milyard, ABŞ-ninki isə 15 milyard dollardır. ABŞ bizə cəmi 65 milyon verir. Rəqəmlərdəki fərq göz qabağındadır, gəlin Ermənistanın anti-Rusiya kursunu davam etdirəcəyi təqdirdə bunu gətirəcəyi itkiləri də bura əlavə edək”, - ekspert bildirib.

Xaçikyan ABŞ və AB-nin Ermənistana hərbi dəstək verməyəcəyini iddia edir:

“Əgər doğrudan da Ermənistana kömək etmək istəsələr, burda hərbi baza yaradacaqlar, real qüvvələr gətirəcəklər, mən də bunu alqışlayacam, amma bu günə qədər bu barədə heç bir müzakirə olmayıb. Türkiyənin NATO-nun ən yaxın müttəfiqi və regionumuzda əsas rola malik olduğunun açıqlandığını nəzərə alsaq, Azərbaycan da neft-qaz ehtiyatlarına malik olduğu üçün onlar üçün mühüm tərəfdaş olduğunu nəzərə alsaq, Qərbin buna hazır olduğunu düşünmürəm. Əvəzində bizdən tələb edirlər ki, ruslarla vuruşaq, Rusiya ilə siyasi-iqtisadi əlaqələrimizi kəsək, bunu nə Azərbaycan, nə Gürcüstan, nə də Türkiyəyə tətbiq edirlər.

Nədənsə başqa ölkələr öz maraqlarını qoruya bilərlər, biz isə yox. Bu, Qərbin marağının nə olduğunu göstərir”.

Onun başqa bir iddiasına görə, ruslar getdikdən sonra Ermənistan türklərin hakimiyyəti altına düşəcək, Qərb bu zaman heç nə etməyəcək.

Xaçikyanın fikrincə, Qərb Ermənistanda Rusiya qazını Azərbaycan qazı ilə əvəzləmək istəyir.

Politoloq hesab edir ki, Ermənistana Avropa bazarında yer verilməyəcək:

“Mən belə düşünmürəm, çünki bütün bu illər ərzində hətta Gürcüstan Avropa bazarında öz yerini tapa bilmədi. Rusiyada yaşayan 2 milyon erməni var, Ermənistana pul göndərir, onlar Avropaya aparılacaqmı? Avropa artıq rumınlar, polyaklar və ukraynalıların əlinə keçib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər