ABŞ-ın “The Washington Times” qəzeti Azərbaycana xüsusi buraxılış həsr edib.
Bu barədə Teleqra.com-a Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib. “Müstəqilliyini bərpa etdikdən sonra çiçəklənən ABŞ müttəfiqi” başlıqlı buraxılışda yer alan yazıların müəllifləri Konqresin Nümayəndələr Palatasının üzvləri Rendi Veber və Robert Aderholt, Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov, “Caspian Group Holdings” şirkətinin baş icraçı direktoru Rob Sübhani, tanınmış tədqiqatçı Aleks Vatanka və “The Washington Times”ın redaksiya heyətidir.
Məqaləsində Azərbaycanın hansı səbəblərdən ABŞ üçün əhəmiyyət kəsb etməsi ilə bağlı suala cavab gətirən R.Veber ölkəmizin mühüm geosiyasi mövqeyini önə çəkərək, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni vurğulayır, hərbçilərimizin beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını və Əfqanıstanda ABŞ silahlı qüvvələri ilə əməkdaşlığımızı təqdir edir. Konqresmen Veber ABŞ-ın Azərbaycanla münasibətləri gücləndirməsinin vacibliyini vurğulayır.
Azərbaycanı ABŞ-ın strateji müttəfiqi kimi xarakterizə edən Robert Aderholt Avrasiya məkanında bu ölkənin əhəmiyyətini şərtləndirən amilləri oxucuların diqqətinə çatdırır. Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə görüşünü xatırladan konqresmen yazır ki, daha sabit və firavan Azərbaycan daha sabit və firavan Cənubi Qafqaz üçün ümid verir.
Səfir E.Süleymanov isə yazısında Azərbaycan xalqının 20 Yanvar hadisələrindən başı uca çıxaraq, azadlıq və müstəqillik arzusuna çatdığını bildirir. O, eyni zamanda, güclü tolerantlıq ənənələrinə malik Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin müxtəlif hissələrinin möhkəm birliyini təmin edən ənənələrin davam etdirildiyini vurğulayır.
Rob Sübhani ABŞ-ın etibarlı tərəfdaşı olan Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi uğurlara nəzər salır.
Aleks Vatanka isə Birləşmiş Ştatları Azərbaycana münasibətdə daha ardıcıl siyasət yürütməyə çağırır.
Məqalələrin birində isə oxuculara Azərbaycanın birinci Avropa Oyunları kimi mühüm bir tədbirə ev sahibliyi edəcəyi barədə məlumat verilir, bu Oyunların uğurla keçməsi üçün görülən hazırlıq işlərindən bəhs edilir.
Bundan əlavə, qəzetdə ölkəmizin turizm potensialı, o cümlədən Şahdağ Turizm Kompleksi, Tovuz rayonu, habelə yəhudi icmasının məskunlaşdığı Qırmızı Qəsəbə haqqında yazılar da yer alır və turistlərin Azərbaycana səfər etmələri üçün 10 səbəb sadalanır. Həmçinin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin beynəlxalq fəaliyyəti və yeni uçuşlar, xüsusilə Bakı və Nyu-York arasında birbaşa hava əlaqəsi barədə məlumatlar diqqətə çatdırılır.
Bundan başqa, AZPROMO-nun dəstəyi ilə ABŞ bazarına ixrac olunan yüksək keyfiyyətli qida məhsulları barədə məlumat təqdim edilir.
Ümumilikdə, 12 səhifəlik xüsusi buraxılışda 16 məqalə və məlumat dərc edilib.
Səxavət