10 İyun 20:59
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşüb. Bu gün isə sonuncu zəvvar qrupu Azərbaycandan Həcc ziyarətinə yola salınıb. Bu il Azərbaycandan Həcc ziyarətinə gedənlər arasında 15-ci dəfədir oranı ziyarət edən Cavanşir Aşurov da var. Azərbaycanda dəfələrlə Həcc ziyarəti edənlərin sayı az deyil. Bəzən bu mükazirələrə də səbəb olur. Düşünülür ki, dəfələrlə getməkdənsə, bu vəsaiti xeyirxah işlərə də yönəltmək olar.

Bəs islam dinində bu məsələ nə yerdədir?

İlahiyyatçı alim, Milli Məclisin deputatı Ceyhun Məmmədov Teleqraf.com-a açıqlamasında bu suala aydınlıq gətirib:

"Həcc ibadətini yerinə yetirmək islamın vacib şərtlərindən biridir. İslami nöqteyi-nəzərdən baxanda hər bir müsəlman ömründə bir dəfə imkanı olarsa, Həccə getməlidir. Neçə dəfə Həcc ziyarəti etmək hər bir insanın öz seçimidir. Öz şəxsi seçimini edib istədiyi qədər gedə bilər.

Ancaq mən hesab edirəm ki, dəfələrlə ziyarətə getməkdənsə, bir-iki dəfə gedib qalan vəsaiti imkansız, bu pula ehtiyacı olan insanlara xərcləsinlər. Çünki bu, az vəsait deyil, söhbət 10 min manatdan gedir. Bu 10 min manat vəsaitlə çox insanın ehtiyaclarını ödəyib, onlarda dəstək olmaq mümkündür. Qız övladlarının təhsilinə yardım etmək, kasıb, imkansız insanların ehtiyaclarını ödəmək olar".

Onun fikrincə, bu mənada 15-20 dəfə getməyə ehtiyac yoxdur:

"Yaxşı olar ki, insanlar nəzərə alsınlar ki, pula ehtiyacı olan başqa insanlar da var. Həccə gedərək bir savab qazanırsa, həmin vəsaitin bir hissəsini imkansız insanlara verərək daha böyük savab qazanmış olur. Ona görə də insanlarımız bunu bilməli və anlamalıdırlar ki, eyni ibadəti 15 dəfə etmək kimi dinin tövsiyəsi yoxdur. İslamda Həcc ziyarətini bir dəfə etmək vacib sayılır. Ona görə bu incə məqamı hər bir vətəndaşımız nəzərə almalıdır.

Bu, həm də din haqqında təsəvvürləri zədələyir. İnsanlar tərəfindən sualla qarşılanır ki, niyə bu qədər gedilir? Sanki bu insan “Ginnesin rekordlar kitabı”na düşmək üçün çalışır. Bunun heç bir dini əsası yoxdur".


Müəllif: Şəbnəm Zahir