8 İyul 12:25
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi kontekstində mövqeyini bir qədər yumşaldıb.

Teleqraf.com xəbər verir ki, bunu erməni türkoloq Ruben Safrastyan deyib.

“Türkiyə Ermənistanla münasibətlər müstəvisində daha konstruktiv və təmkinli yanaşma nümayiş etdirir. Bu, həm Ermənistanın son dövrdə apardığı xarici siyasət, həm də dünyada gedən ümumi proseslərlə bağlıdır. Xüsusən də indi Türkiyə üçün dünya miqyasında öz rolu və nüfuzunu artırmaq daha vacibdir, ona görə də qlobal ambisiyalarını reallaşdıra bilməsi üçün regiondakı vəziyyəti mümkün qədər normallaşdırması lazımdır. Həmçinin mənim anlayışıma görə, Türkiyə Ermənistan-Azərbaycan nizamlanması prosesinin sona çatması, razılaşmanın imzalanması və yalnız bundan sonra İrəvanla münasibətlərin tənzimlənməsi istiqamətində real addımlar atacağını gözləyir”, - ekspert bildirib.

Safrastyan hesab edir ki, Türkiyənin nöqteyi-nəzərindən Ermənistanla əlaqələrin normallaşması Azərbaycanla sülh müqaviləsinin imzalanmasından asılıdır:

“Düşünürəm ki, Ermənistanla Azərbaycan arasında müqavilə imzalanmayana qədər Türkiyə Ermənistanla münasibətləri tənzimləmək üçün heç bir addım atmayacaq. Müqavilə imzalanandan sonra hansısa addımları gözləmək olar.

Həmçinin bölgə Türkiyə üçün maraqlıdır və onun regiondakı mövqeyi getdikcə güclənir".

Ekspertin fikrincə, Ermənistan Türkiyə ilə münasibətlərin tənzimlənməsində Türkiyədən daha çox maraqlıdır:

“Çünki Ermənistan üçün bu, dünyaya açılmaq fürsətidir. Türkiyə üçün Ermənistan iqtisadi baxımdan maraqlı deyil, bazar kimi çox kiçikdir, hərbi baxımdan təhlükə yaratmır. Buna görə də Türkiyə elitasının yanaşması belədir ki, Ermənistan münasibətlərin normallaşmasında daha çox maraqlıdır və bunun da ödəniləcək bir qiyməti var. Bu qiymət də Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması ola bilər. Əslində, birinci şərti budur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər