Ermənistan hökuməti ilə ABŞ və Avropa Birliyi arasında Metsamor atom elektrik stansiyasının (AES) bağlanması ilə bağlı razılaşma var.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr xatırladır ki, sözügedən anlaşma aprelin 5-də Brüsseldə keçirilmiş Paşinyan-Blinken-fon der Leyen görüşündə əldə edilib:
“Razılaşma Qərbin maliyyəsi ilə Ermənistanda yeni AES-in tikilməsini ehtiva edir.
Anlaşmaya dair konkret ifadə budur: “ABŞ və AB Ermənistanın Metsamor AES-in bağlanması üçün nüvə enerjisi proqramını dəstəkləyəcək, bundan sonra yeni AES-in tikintisi üçün maliyyə ayrılacaq”.
Məlum olur ki, AES 2036-cı ilə qədər fəaliyyət göstərəcək, çünki ötən ilin sonunda Ermənistan hakimiyyəti Rusiya ilə AES-in yenidən təchiz edilməsi və istismar müddətini uzatmaq üçün 65 milyon ABŞ dolları məbləğində müqavilə imzalayıb. Həmin məbləğin müqabilində “Rosatom” dövlət korporasiyasının tabeliyində olan şirkətlər AES-in 2-ci enerji blokunun müddətinin uzadılmasına yönəlmiş bütün işləri, reaktorların quraşdırılması sistemləri və avadanlıqları ilə bağlı işləri təmin etməlidir.
Üstəlik, hökumətdəki mənbələrə görə, həm Qərb, həm də Rusiya ilə yeni AES tikmək üçün danışıqlar aparılır. Ermənistan hökuməti Rusiyanı daha az gücə malik yeni enerji bloku tikməyə inandırır, amma ruslar daha güclü enerji bloku tikməyə hazırdırlar ki, Ermənistan enerji ixrac edən ölkəyə çevrilsin. AES-in birinci enerji bloku 1976-cı ildə, ikincisi isə 1980-ci ildə istismara verilib.
Hazırda istismar müddəti 2016-cı ildə başa çatmalı olan cəmi 1 enerji bloku işləyir, amma texniki baxımdan yenidən təchiz olunmaqla istismar müddəti 10 il uzadılıb. İndi daha 10 il, 2036-cı ilə qədər uzadılacaq. AES hazırda Ermənistanda istehsal olunan elektrik enerjisinin təxminən 40 faizini təmin edir”.
Qeyd edək ki, istifadəyə yararsız Metsamor AES-in bağlanması ilə bağlı Azərbaycan və Türkiyə hələ illər əvvəl beynəlxalq qurumlar qarşısında məsələ qaldırıb. Hər iki ölkə AES-in mümkün təhlükələri barədə xəbərdarlıq edib. Mütəxəssislər yararsuz durumda olan Metsamorun Cənubi Qafqazda ikinci Çenobıl (Ukrayna) fəlakətini təkrarlaya biləcəyini deyirlər, amma Ermənistan və havadarları bütün bu xəbərdarlıqlara məhəl qoymur.