Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Toivo Klaar AB-nin İrəvanın Azərbaycanla sərhəddə atəşkəs rejiminin izlənməsi mexanizmlərinin yaradılması təklifini dəstəklədiyini deyib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
Klaar qeyd edib ki, İrəvanın gərginliyi azaltmaq üçün sərhəddə atəşkəs rejiminin pozulması hallarını müşahidə etmək üçün iki istiqamətli mexanizm yaratmaq təklifi AB-də müsbət qarşılanır.
“Biz bir daha İrəvanın atəşkəs rejiminin pozulmaması üçün ikitərəfli mexanizm yaratmaq təklifini tam dəstəklədiyimizi bəyan edirik”, - Klaar bildirib.
İyunun 22-də Ermənistan Baş naziri Aparatı Azərbaycana diplomatik kanallar vasitəsilə atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaratmağı təklif edib.
Klaara gəlincə, avropalı diplomatın keçmiş postundakı əsas işi elə Ermənistan, onun mövqeyi və oradan gələn təklifləri dəstəkləmək olub. 44 günlük müharibə və bundan sonra ermənilərin Azərbaycanı “ittiham” qarşısında qoymaq üçün sosial şəbəkələrdə yaydıqları saxta iddiaların əsas dəstəkçilərindən biri də Klaar idi. Vəzifəsindən ayrılsa da, yenə də bu “mövqe”yində qalmaqda davam edir, görünür, ermənilərlə əməkdaşlıq müddəti hələ bitməyib.
Təsadüfi deyil ki, ötən günlərdə Klaarın verdiyi açıqlama Azərbaycanın etirazına səbəb olmuşdu. O, könüllü getmiş Qarabağ ermənilərinin mümkün qayıdışını “xüsusi hal”, Ermənistandan (Qərbi Azərbaycan) zorla qovulmuş soydaşlarımızın dönüşünü “ayrı məsələ” adlandırmışdı.
Uzunmüddətli sakitlikdən sonra Ermənistan avqustun 15-16-da Naxçıvan istiqamətində mövqelərinimizi atəşə tutub. Ermənilər atəşkəs rejiminə əməl etsələr və sülhə müqaviləsini imzalasalar, heç bir mexanizmə ehtiyac qalmayacaq. Klaar ermənilərə bunu başa salmalıdır. Üstəgəl, o, hazırda AB-nin Özbəkistandakı səfiridir, yaxşı olardı ki, təmsil olunduğu ölkə ilə Brüssel arasındakı münasibətlərin durumuna baxsın, artıq buralıq bir işi qalmayıb.