22 Avqust 20:00
10 523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Rusiya Xarici İşlər Nazirlikləri arasında söz atışması yeni mərhələyə qədəm qoyur. Dünən Mariya Zaxarova Ermənistan XİN-in Sergey Lavrovun bəyanatına reaksiyasına cavab verib. Lavrov bir neçə gün əvvəl Bakıda Ermənistanı Sünikdən (Zəngəzur) keçən yolla bağlı razılaşmaları sabotajda ittiham edib və İrəvan sabitliyi pozmamağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Ermənistanın Lavrova sərt etirazına cavab verən Zaxarova bildirib ki, bu, Rusiyanı öz səhvlərinə görə günahlandırmaq üçün növbəti cəhddir: “Bu, rəsmi İrəvanın öz səhv strateji hesablamalarını başqalarının, indiki halda Rusiyanın üzərinə atmasının növbəti nümunəsidir”.

Erməni nəşri Moskvanın Zəngəzur dəhlizi məsələsini yenidən aktivləşdirdiyini iddia edir:

“Son günlərdə Zəngəzur dəhlizi prosesini aktivləşdirən Rusiya XİN 10 noyabr bəyanatının 9-cu bəndini xatırladıb. Nazirlik qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə iqtisadi və nəqliyyat yollarının açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində xeyli iş görülüb. Ümumilikdə 12 iclas keçirilib, nəticədə önəmli dəyişikliklər qeydə alınıb.

“Ermənistan tərəfinin xahişi ilə dəmir yolunun avtomobil yolu ilə əlaqələndirilməməsi qərara alınıb. 2023-cü ilin iyununda Moskvada keçirilən son görüş zamanı tərəflərin öz ərazisindən keçən marşrutlar üzrə suverenlik və yurisdiksiya prinsipləri təsdiqlənib ki, bunu İrəvanın özü də iddia edirdi. Ümid edirəm ki, sözügedən şərhi yazanların buna da münasibət bildirmək üçün kifayət qədər vaxtı olacaq”, - rusiyalı diplomat bildirib.

Zaxarova söyləyir ki, beynəlxalq yüklərin tranziti və gömrük nəzarəti məsələləri həll olunub. Amma sərhəd nəzarəti məsələlərində erməni tərəfinin etirazı səbəbindən dəmir yolu xətlərinin işə salınması ilə bağlı yekun razılığa gəlmək mümkün olmayıb. Onun sözlərinə görə, İrəvan əvvəllər razılaşdırılmış mövqelərindən geri çəkilib, Rusiya sərhədçilərinin yerləşdirilməsi ilə bağlı qarşılıqlılıq prinsipində israr etməyə başlayıb, Rusiya sərhədçilərinin təkcə Ermənistan yox, həm də Azərbaycan tərəfində olmasını istəyib.

Rusiyanın sərt ritorikası, 10 noyabr bəyanatının tələblərinin yenilənməsi Moskvanın kommunikasiyalara (Zəngəzur dəhlizi) nəzarət məqsədindən əl çəkmək istəmədiyini göstərir. Bu durumun Ermənistan üçün hansı nəticələrinin olacağı yaxın gələcəkdə bəlli olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər