Sülh müqaviləsinin imzalanması münaqişəni həll etmək üçündür, məqsəd regionda sülh və sabitlik, gələcəkdə isə Azərbaycanla qonşuluq münasibətlərinin tənzimlənməsidir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin komitə sədri Sərkis Xandanyan “Qarabağ məsələsi”nin sülh müqaviləsinə aid edilib-edilməməsi barədə təxribatçı sualı cavablandırarkən deyib.
“Ermənistan dəfələrlə bəyan edib ki, heç bir qonşusuna qarşı ərazi iddiası yoxdur. Sülh müqaviləsində də ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi ilə təsbit olunub”, - komitə sədri vurğulayıb.
Baş nazir Nikol Paşinyanın Qarabağ ermənilərinin qayıtmasını real hesab etmədiyi barədə bəyanatına toxunan Xandanyan bildirib: “Mən də hesab edirəm ki, bu şərtlər daxilində Qarabağ ermənilərinin qayıtmaları real deyil. Düşünmürəm ki, bu məsələni indiki məqamda, həm də ictimaiyyətdə müzakirə edə bilərik”.
Deputat jurnalistin Ermənistan hakimiyyətinin ləğv edilmiş separatçı rejimin yaradılmasının 33-cü ildönümü ilə bağlı niyə “təbrik mesajı” verməməsi barədə provakativ sualına qısa cavab verib:
“Deyiləcək bir söz olsaydı, deyilərdi”.
Xandanyan Ermənistan rəsmilərinin Bakıda keçiriləcək COP29-da iştirakı ilə bağlı belə deyib: “Bu barədə hələlik heç bir qərar verilməyib”.