Ötən gün Bakı Apelyasiya Məhkəməsində Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən Elin və Zaur Məmmədov qardaşlarının apelyasiya protestinə baxıldı. Protesti Baş Prokurorluq verib.
Saat 10.30-a təyin olunan proses vaxtından bir qədər gec başladı. Məhkəmə binasının qarşısına ilk olaraq jurnalistlər, daha sonra Elin və Zaur Məmmədov qardaşları və onların anası Gülnarə Məmmədova gəldilər. Zaur Məmmədov hadisə ilə bağlı qısa açıqlama verdi: “Narahat olduğunuza görə mətbuata təşəkkür edirik. Barəmizdə cinayət işi açılıb. İndi prosesə gedirəm. Başqa heç nə deyə bilmərəm”.
İki proses
Öncə protestin Zaur Məmmədovla bağlı hissəsinə baxıldı. Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçən prosesdə Zaur Məmmədov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçildi. Hakim Rizvan Səfərovun sədrlik etdiyi digər prosesdə isə Elin Məmmədov haqqında başqa yerə getməmək şərti ilə qətimkan qərarı verildi.
Hər iki proses qapalı keçirildi və Baş Prokurorluğun protesti təmin edildi.
Məhkəmədən sonra Zaur və Elin Məmmədov qardaşlarının anası Gülnarə Məmmədova oğlanları barəsində yayılan məlumatların həqiqət olmadığını bildirdi və jurnalistlərə iradını söylədi: “Mən özüm də sizin kimi jurnalistəm. Vaxtilə Rusiyanın “ORT” kanalında çalışmışam. Amma heç vaxt yalan informasiya yazmamışam. “ORT” kanalından ayrılma səbəbim də bu olub. Mən medianı izləyirəm. Bizi necə qaraladıqlarının şahidiyəm. Biz mədəni ailəyik.
Mən Moskvada universiteti bitirmişəm. Uzun illər Moskvada yaşamışıq. Oğlanlarım da, qızlarım da orada oxuyublar. Həyat yoldaşıma kriminal avtoritet damğası vurublar. Amma bu belə deyil. Hərbdə xidmət etmiş, Azərbaycan Tibb Universitetini bitirmiş biri elə adam ola bilməz. Yazılanların hamısı yalandır”.
Maşın icarəyə götürülüb
Gülnarə Məmmədova hadisənin özü haqqında verilən sualları isə belə cavabladı: “Hadisə haqqında dəqiq heç nə bilmirəm. Çünki orada olmamışam. Elə bir hadisə olub-olmadığını mən bilmirəm. Yayılan videoya mən də baxmışam. Amma orada öz övladlarımı tanımadım. Onları oğlanlarıma oxşatmadım. Çünki qaranlıqdır və heç nə görünmür. Məhkəmədə mühakimə olunanlar mənim iki oğlumdur. Hadisənin videosundakı oğlanları isə mən tanıya bilmirəm.
Videoda maşın görünsə də, nömrəsi görünmür. Ona görə tanıya bilmədim. Amma bəziləri yazırlar ki, guya bahalı maşındır. Xeyr, bahalı maşın deyil. Oğlanlarım istəyirdilər ki, evimizdə yaxşı avtomobil olsun. Biz bu maşını istəmirdik. Sadəcə onu almağa gücümüz çatmayanda, bunu müvəqqəti götürdülər”.
Gülnarə Məmmədova bu sözlərlə özü də bilmədən avtomobilin onların ailəsinə məxsus olduğunu təsdiqlədi. Buna görə sözünə belə davam elədi: “Yazırlar oğlanlar bahalı maşında olub. Siz fikirləşdiyiniz qədər də bahalı deyil. Oğlanlarımın arzusu maşın almaq olub. Həmin maşını icarəyə götürmüşük. O da bahalı deyil. Həmin maşından da bahalıları var”.
“O xanımı tanımıram”
Məmmədov qardaşlarının anası videoda adı hallanan Ülkər İsayevanı tanıyıb-tanımaması ilə bağlı suala belə cavab verdi: “Mən o xanımı tanımıram. Heç videoda üzünü də görmək olmur. Orada hansı xanımın olduğunu bilmək mümkün deyil. Siz yazırsınız ki, guya oğlan orada qızı döyüb. Amma videoda görünür ki, oradakı oğlan iki əli ilə çalışır ki, qızı öz maşınından çıxarsın. Əgər maşın özünündürsə, onun buna ixtiyarı var.
Oğlan həmin xanımı nə döyür, nə də söyür. Sadəcə qızı maşından çıxarmaq istəyir. Mənim oğlanlarım hadisə ilə bağlı heç nə demirlər. Onlar həyəcan içindədirlər və narahatdırlar. Oğlanlarımın nə deyilən qədər pulları var, nə də imkanları. Onlar turizm sahəsində çalışırlar. Savadlı gənclərdir”.
Gülnarə Məmmədova məhkəmənin oğlu Zaurla bağlı çıxardığı iki aylıq həbs qətimkan tədbirini ağır cəza sayır: “Zərərçəkən olmadığı halda mənə belə bir qərar çox ciddi gəldi. Məhkəmənin ədalətinə ümid edirəm. Prosesdə şəxsən iştirak etməmişəm, məhkəmə bağlı qapılar arxasında keçirilib”.
Məmmədovların anası Hamlet İsaxanlının döyülən qızın Ülkər deyil, onun rəfiqəsi Katya olmasına da münasibət bildirdi: “Əgər siz qanunsuz, naməlum şəkildə mətbuata düşən o videoya baxsanız görərsiniz ki, orda heç kim döyülmür. Orada sadəcə aparmaq istəmədikləri qızı maşından düşürməyə çalışırlar. Mən videodakı cavanın kim olduğunu bilmirəm. Mənim heç bir davadan xəbərim yoxdur. İndiyə qədər də bilmirəm ki, onları nədə ittiham edirlər”.
Gülnarə Məmmədova sözünün sonunda jurnalistləri oğlanları barədə yanlış rəy yaratmaqda günahlandırdı: “Biz istəməzdik ki, ailəmiz haqqında belə məlumatlar yayılsın. Bəzən məlumatlar qeyri-dəqiq olur. Heç bir mənbəyə əsaslanmadan həqiqət olmayan məlumatlar yayırlar”.
7 il əvvəlki həbs
Gülnarə Məmmədova ərinin həbsxanadan çıxmasından 7 il ötdüyünü vurğuladı: “Yazırlar ki, adı cinayətdə hallanan oğlanların atası həbsxana həyatı yaşayıb. Bu gün deyə bilərəm ki, uşaqlarımın atası həbsxana həyatı yaşamayıb. Çünki həbsdən azad olunandan 7 il sonra məhkumluq həmin şəxsin üzərindən tamamilə silinir. Bu, qanunda da belə göstərilib. Oğlanlarımın atasının həbsxana həyatı yaşaması ilə bu işin arasında hər hansı əlaqə yoxdur. Biz övladlarımızı müsbət ruhda böyütmüşük. Onların intillegentliyinə sizlər də şahidi olduz”.
Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayeva 9 mart 2015-ci il tarixində Bakı şəhərində Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində iki qardaş tərəfindən fiziki işgəncəyə məruz qalıb. Hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq iş üzrə təqsirləndirilən Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edib.
Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova prokurorluğun vəsatətini təmin etməyib. Daha sonra Baş prokurorluq apelyasiya protesti verib.
Hacı Zeynalov
Video müsavat.com saytından götürülüb.