Azərbaycan alimləri də "erməni soyqırımı"nın puç olduğunu sübuta yetirən faktları təqdim edirlər
Qondarma "erməni soyqırımı"nın 100-cü ildönümünə təntənə ilə hazırlaşan ermənilər və onların himayədarları uydurma və əsassız iddialarını dünya ictimaiyyətinə sırımaqdadır. Bəs bu əsassız iddialara qarşı Azərbaycanın tarixçi alimləri necə hazırlaşır, hansı faktlar üzə çıxarılıb və həmin faktların beynəlxalq aləmə çatdırılması istiqamətində hansı işlər görülür?
"Beynəlxalq aləm bizi eşitmək istəmir"
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramovun bildirdiyinə görə, uydurma "erməni soyqırımı"nın 100-cü ildönümünün qeyd edilməsi ərəfəsində beynəlxalq konfrans keçirilib: "8-12 apreldə "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)" əhatə edən II Beynəlxalq konfransa dünyanın 12 ölkəsinin alimləri qatıldı. Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya, Fransa, Almaniya, Hindistan, İtaliya və digər ölkələrin arxivlərindən əldə edilmiş çoxsaylı sənədlər əsasında yazılan və konfransda səsləndirilən elmi məruzələr birmənalı olaraq sübut edir ki, 1914-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı erməni-daşnak silahlı birləşmələri tərəfindən dəhşətli soyqırımları törədilib, ermənilər isə heç bir soyqırıma məruz qalmayıb.
Qondarma "erməni soyqırımı" haqqında institutumuzun əməkdaşı professor Kərim Şükürov "Azərbaycanda erməni qırğınları və deportasiyaları haqqında baxışların tənqidi təhlili" mövzusunda çıxış etdi. Konfransın yekun nəticəsi olaraq dünya birliyinə müraciət etdik, beynəlxalq tədbirdə iştirak edən bütün alimlər də bu müraciətin altından imza atdılar. Təəssüf ki, beynəlxalq aləm nə Türkiyəni, nə də bizi eşitmək istəyir..."
Cəbi Bəhramov bildirdi ki, erməni soyqırımın uydurma olması ilə bağlı ABŞ, Fransa, İngiltərə, Rusiya, Almaniya kimi ölkələrin, ən əsası Türkiyənin İstanbul şəhərində yerləşən Erməni Qriqorian kilsəsinin arxivindən faktlar əldə olunub: "Tarixi sənədlər Erməni Qriqorian kilsəsi və Qərb ölkələri ermənilərin soyqırım iddialarının əsassız olduğunu çox dəqiq bilirlər. Tarix İnstitutunun əməkdaşlarının xarici ölkələrin arxivlərində apardıqları elmi araşdırmaların nəticəsi də bu fikirlərə əsas verir".
Amerika səfiri də etiraf edib ki...
Direktor müavininin sözlərinə görə, bu faktlara təkcə Türkiyə və Azərbaycan alimləri deyil, elə Qərb dünyasının tədqiqatçıları da istinad ediblər: "Amerikadan Casten Makkartin, Lims, Fransadan Jorj Malevil, Almaniyadan Lepsiusun əsərlərini də qeyd etmək mümkündür. Hərçənd Lepsius uydurma "soyqırım"da türk xalqını ittiham edir, amma onun yazdığı kitabı diqqətlə oxuyanda bu uydurmanın nə qədər yalan olduğu öz təsdiqini tapır.
Ən əsası isə 1914-1918-ci illərdə ABŞ-ın Osmanlı dövlətində səfiri olmuş Henri Morgentaunun özünün hesabatları əsasında yazdığı tarix əsəridir. Bu kitabda bilavasitə səfir öz dili ilə etiraf edib ki, türk xalqı ermənilərə qarşı belə bir cinayət etməyib. Bu, sadəcə, Osmanlı dövlətini bölmək istəyən dövlətlərin hərbi-siyasi planının ümumi nəticəsidir. Türkiyə bu sənədlərə istinad etməklə onu soyqırımda ittiham edən dövlətləri beynəlxalq məhkəməyə verə bilər".
Tarixçi bildirdi ki, Azərbaycan xalqına qarşı törədilən soyqırımları araşdırmaq məqsədilə 2010-cu il mayın 26-da AMEA və Baş Prokurorluq tərəfindən birgə elmi-istintaq araşdırma qrupu yaradılıb. İnstitut bu qrupa bir çox elmi sənədlər təqdim edib: "Bu komissiya Nazirlər Kabineti yanında fəaliyyət göstərir, tarixi faktlar həm elmi, həm də hüquqi nöqteyi-nəzərdən araşdırılır. Araşdırma başa çatdıqdan sonra dövlət səviyyəsində bu məsələ öz həllini tapacaq".
İkili standartlar imkan vermir
Millət vəkili, Bakı Dövlət Universitetinin müəllimi, tarixçi alim Fəzail İbrahimlinin sözlərinə görə, işlədiyi ali təhsil müəssisəsində türk xalqlarına qarşı törədilən soyqırım faktlarına dair elmi-tədqiqat işləri aparılıb: "31 mart 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırım cinayəti Azərbaycanda 1998-ci ildən rəsmi şəkildə qeyd edilir. İnsanlıq tarixinə sığmayan bu cinayətlər Bakı Dövlət Universitetində həmişə gündəmdə olub. Universitetin Tarix fakültəsinin professoru Anar İsgəndərov "Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Bu dissertasiya işində əsaslı faktlar öz əksini tapıb.
Universitetin ayrı-ayrı əməkdaşları müəllif yazıları ilə mütəmadi olaraq mətbuatda, efirlərdə çıxışlar ediblər. Bundan başqa, tələbələrə də bu mövzuda diplom işləri, magistr işləri verilir. 24 apreldə ermənilərin uydurma "soyqırım"a məruz qalmasına qarşı da universitet tərəfindən tədbirlər keçirilir. Amma ermənilərin dünya ictimaiyyətini, ayrı-ayrı parlamentləri "soyqırım" məsələsinə cəlb etməsi həqiqi faktların beynəlxalq aləmə çıxmasına maneələr yaradır. Ona görə də 1915-ci ildə baş verməyən "erməni genosidi" Avropa parlamentində qəbul olunur, amma bütün dünyanın gözü qarşısında yaxın keçmişdə baş verən Xocalı soyqırımı qəbul olunmur.
Baxmayaraq ki, bütün dünyada "Xocalıya ədalət" kampaniyası aparılır, Xocalı hadisələrindən, Quba məzarlığından Azərbaycan tərəfi danışanda, yazanda beynəlxalq zora söykənənlərin qulaqları kar, gözləri kor olur. Azərbaycan dövlətinə qarşı ikili standartla yanaşma bu həqiqətlərin beynəlxalq aləmə olduğu kimi çatdırılmasına imkan vermir".
"Erməni genosidi" Türkiyəni bölmək planının tərkib hissəsidir
Tarixçi alim dedi ki, 1920-ci ildə Türkiyənin bölüşüdürlməsi haqqında siyasi qərarlar verildiyinə görə, ermənilərdən siyasi alət kimi istifadə olunub və "erməni soyqırımı" uydurulub: "1920-ci ildə martın 16-da Antanta qoşunları İstanbulu işğal etdilər və Türkiyədə Yunanıstan, Ermənistan yaradılması siyasəti başladı. Bütün bu siyasi qərarları reallaşdırmaq üçün Türkiyəni bölmək iddiasında olan dövlətlərin əlində fakt lazım idi. Bunun üçün o vaxtı dünyanın bölüşdürlməsi sükanı arxasında oturan Amerikanın prezidenti xüsusi komissiya yaradıb Anadoluya göndərdi ki, bu komissiya erməni soyqırımına dair faktlar toplasın.
Komissiyanın apardığı ekspertizalar, araşdırmalar sübut etdi ki, Anadolu torpağında soyqırıma məruz qalanların hamısı türklərdir. Hətta 1915-ci ildə ermənilər Vanda elə qırğınlar törətmişdi ki, hətta türklərin düşməni olan yunanlar bu hadisələri "vəhşi addım" adlandırmışdılar. Ona görə Türkiyəni bölüşdürmək planını reallaşdırmaq mümkün olmadı, komissiyanın işi arxivə gömüldü.
Fransanın, İngiltərənin arxivlərində bu məlumatlar var. Əslində, genosid Avropa siyasətçilərinin bir oyunudur, bunu babaları başlayıb, nəvələri də davam etdirir. Amma "erməni genosidi" hətta bütün Avropada qəbul olunsa da, bu mövzu qapanmayacaq. Çünki ermənilərin xisləti elədir ki, onlar özlərini faciə üzərində qurulmuş erməniçilik psixologiyası ilə yaşadırlar".
Azərbaycan Dövlət Pedaqoji Universitetin elmi işlər üzrə prorektoru Vilayət Əliyevin sözlərinə görə, Yeni Azərbaycan Partiyasının xətti ilə "erməni soyqırımı"nın 100 iliyinə qarşı tədbir keçiriləcək, universitetin tarixçiləri də bu tədbirdə təmsil olunacaq.
Sevil HİLALQIZI