1 May 2015 17:33
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Bakı şəhərinin Binəqədi rayonundakı Heydər məscidi ilə tanış olub.

QMİ-dən verilən məlumata görə, Heydər məscid-kompleksinin sədri, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Sabir Həsənli iranlı diplomatı səmimiyyətlə qarşılayıb və məscidlə bağlı ətraflı məlumat verib. S.Həsənli bildirib ki, milli-mənəvi irsə böyük diqqət və qayğı ilə yanaşan dövlət başçısının tövsiyəsi ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub, məscidin daxilində xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir. Qonağın diqqətinə çatdırılıb ki, ümumi sahəsi 20 hektar olan məscid-kompleksin ətrafında abadlaşdırma işləri aparılıb.

Kompleksin sədri vurğulayıb ki, Prezident İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə yaxından maraqlanıb, mütəmadi olaraq buraya gələrək görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib, məscidin açılışında ailəsi ilə bərabər iştirak edib. Açılış mərasimində Şimali Qafqazın müftiləri fəxri qonaq qismində iştirak ediblər.

S.Həsənli onu da vurğulayıb ki, məscid-kompleksin inşası və ətraf ərazilərin abadlaşdırılması Bakı şəhər İcra Hakimiyyətinin yaxından dəstəyi ilə həyata keçirilib.

Qafqazın ən böyük məscidi olan Heydər məscidi səfirdə xoş təəssürat yaradıb. Səfir Möhsün Pak Ayin Heydər məscid-kompleksinə nəfis tərtibatlı Qurani-Kərim hədiyyə edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər