20 May 2015 15:58
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İSESCO-nun Baş katibi Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, M.Qurbanlı bu il may ayının 15-də İSESCO-nun Rabat şəhərində yerləşən baş qərargahında dövlət komitəsi tərəfindən keçirilən beynəlxalq konfrans və sərginin təşkilinə verdiyi dəstəyə görə Əbdüləziz bin Osman əl-Tüveycriyə öz minnətdarlığını bildirib. O qeyd edib ki, istər beynəlxalq təşkilat olaraq İSESCO-nun, istərsə də şəxsən Əbdüləziz bin Osman əl -Tüveycrinin Azərbaycanla, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətləri var.

Dövlət komitəsinin fəaliyyəti haqda danışan M.Qurbanlı dini maarifləndirmə sahəsində görülən işləri vurğulayıb. O bildirib ki, ölkə Prezidenti İlham Əliyev təhsil və maarifləndirmə işinə xüsusi diqqət yetirir və Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında etdiyi çıxışda da bu məsələni xüsusi qeyd edib: “Məhz bu amil hər bir ölkədə ekstremizmə, radikalizmə, fundamentalizmə, terrorçuluğa qarşı mübarizə aparmağın ən effektli yoludur. Dövlətin din siyasətini həyata keçirən qurum kimi, məhz bu prinsipi rəhbər tutaraq fəaliyyətimizdə maarifçilik işinə xüsusi önəm veririk”.

Əbdüləziz bin Osman əl –Tüveycri ölkəmizi çox sevdiyini, Azərbaycanın yaxından dostu olduğunu məmnunluqla qeyd edib və ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını özünə borc bildiyini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin keçdiyi inkişaf yolunu təqdir etdiyini, Azərbaycanın bütün dünya ölkələrinə parlaq model olduğunu və bunun dünyaya nümayiş etdirmənin zəruriliyini vurğulayıb. İSESCO-nun Baş katibi dövlət komitəsi ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin, üzv dövlətlərlə birgə layihələr həyata keçirilməsinin vacibliyini qeyd edib.

Görüş zamanı ölkəmizin tolerantlıq və multikulturalizm ənənələri yönündə nümunə olduğu, İSESCO ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin zəruriliyi, eyni zamanda, birgə fəaliyyətin nəticəsi kimi İslamın dostluq, həmrəylik və birgəyaşayış dini olduğunun dünyaya çatdırılmasının vacibliyi ifadə olunub.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər