Bu gün Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovla Tacikistan hökuməti yanında Televiziya və Radio Komitəsinin sədri Mahmadsaid Pirzoda arasında görüş keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkənin prezidentləri İlham Əliyev və Emoməli Rahmon arasında səmimi dostluq əlaqələrinin mövcud olmasının ikitərəfli münasibətlərin hərtərəfli inkişaf etdirilməsi üçün böyük rol oynadığı qeyd olunub.
Tərəflər zəngin mədəniyyətlərə malik xalqlarımızın mədəniyyətinin ictimaiyyətə təqdimatı, ölkədə gedən iqtisadi-siyasi proseslər barədə məlumatların qarşılıqlı olaraq yayılması baxımından televiziya və radio qurumlarının fəaliyyətinin mühüm olduğunu vurğulayıblar.
İki qurum arasında, eləcə də ayrı-ayrı televiziyalar arasında əməkdaşlıq sazişinin imzalanması, əməkdaşlığın daha səmərəli davam etdirilməsi üçün tərəflərin hazır olduğu bildirilib.
M.Pirzoda “Fələk” musiqi festivalında Azərbaycandan gələn musiqiçilərin, Azərbaycanda keçirilən muğam müsabiqələrində Tacikistan ifaçılarının iştirakını məmnunluqla qeyd edib.
A.Həsənov 2012-ci ilin 28 aprel tarixində səfirliyin təşəbbüsü və dəstəyi ilə Tacikistanın dövlət televiziyası olan “Cahannoma” və Azərbaycanın “İctimai” televiziya kanalının birgə hazırladığı dostluq və əməkdaşlıq çərçivəsində “Düşənbə-Bakı” telekörpü layihəsinin nümayişini xatırladaraq bu ənənənin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Diplomat səfirliyin həyata keçirdiyi mədəni tədbirlər barədə məlumat verib 17 may 2013-cü il tarixində Azərbaycan Respublikasının Milli Konservatoriyası ilə Tacikistan Respublikasının Milli Konservatoriyası arasında imzalanmış əməkdaşlıq haqqında sazişin müddəasına uyğun olaraq cari ilin may ayının 21-də Tacikistan Milli Konservatoriyasında Azərbaycandan dəvət edilmiş musiqiçilərin növbəti dostluq konserti proqramı ilə çıxış edəcəklərini açıqlayıb.