“Janes Defence Intellegence” dərgisinin Facebook səhifəsində verilmiş məlumatında iddia olunur ki, Qərb hərbi kəşfiyyat mənbələri Qarabağda dislokasiya olunmuş bir neçə hərbi hissənin Ermənistana aparılması haqqında bilgi verirlər. Həmin birləşmənin şəxsi heyətinin əsasən Qarabağ ermənilərindən ibarət olduğu qeyd edilir.
Teleqraf.com musavat.com-a istinadən xəbər verir ki, mənbənin məlumatına görə bu bölmələrin Laçın dəhlizi istiqamətində hərəkəti Qərb ölkələrinin hərbi kəşfiyyat peykləri tərəfindən qeydə alınıb. Güman edilir ki, ən mükəmməl hərbi kəşfiyyat peyklərinə məxsus olan bu ölkə ABŞ-dır. Məxfiliyi qorumaq və əhali arasında təşviş yaratmamaq üçün qoşunların hərəkəti gecə saatlarında, bütün texnikanın işıqlarının tam keçirilməsi şəraitində həyata keçirilib.
2000-2500 nəfərdən ibarət şəxsi heyəti olan bu birləşmənin əsas hissəsi Yerevan şəhərinin, digər hissəsi isə Gümrünün ətrafında yerləşdirilib.
Ehtimal olunur ki, İrəvanda son etirazların fonunda prezident Serj Sarkisyan Ukraynadakı “Maydan" hadisələrinin və mümkün dövlət çevrilişinin Ermənistanda təkrarlana biləcəyindən ehtiyat edir. Vəziyyətin bu məcrada inkişafı halında onun müdafiə naziri S.Ohanyana və şəxsi heyəti Ermənistan ermənilərindən ibarət hərbi hissələrə etibar edə bilməyəcəyi ehtimal olunur.
Təsadüfi deyil ki, bir neçə gün bundan öncə Dağlıq Qarabağın müdafiə naziri general-leytenant Movses Hakobyan Ermənistan ordusunun baş qərargah rəisinin müavini təyin olunub. Qarabağdan dislokasiya olunmuş qüvvələr və digər yarı-hərbi birləşmələr bilavasitə onun komandanlığına verilmişdir. Əgər vəziyyət nəzarətdən çıxarsa və hərbçilər əmrə tabe olmazlarsa, Sarkisyan durumu nəzarətdə saxlamaq üçün yalnız ona etibar edəcək. Ələvi qruplarına güvənən Bəşər Əl-Əsədin taktikasına bənzər şəkildə, prezident Sarkisyan da Qarabağ ermənilərinə güvənir. O özü də əslən Qarabağdandır.
ATƏT-in Vyana - 99 sənədinə görə, quruma üzv dövlətlər öz ərazilərindəki hərbi birləşmələrin koordinatları, şəxsi heyətin sayı və texnikası haqqında məlumat verirlər. Digər ATƏT ölkəsi isə bu məlumatın həqiqiliyini yoxlamaq üçün həmin ərazidə qısa vaxt ərzində təftiş apara bilər. Ermənistanda qoşunların dislokasiyası ilə bağlı kəşfiyyat məlumatı daxil olandan sonra, Qərb dövlətləri bu ölkəyə təftiş qrupu göndərmək niyyətindədirlər.
Rusiyanın Qümrüdəki hərbi bazası da birinci dərəcəli hazırlıq səviyyəsinə gətirilib. Əlavə qüvvələrin yerləşdiriləcəyi barədə də məlumatlar verilir.