10 İyul 2015 10:16
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əmanətlərə görə ödənişlərin 2-3% azalması xalqın cibinə girməkdirsə, onda sizin Heydər Əliyev hakimiyyətinə miras qoyub getdiyiniz illik 1800% infilyasiyanın adı nə idi?”

Bütün imkanlarını Birinci Avropa Oyunlarına qarşı yönəltsələr də istədikləri nəticəni hasil edə bilmədilər. Azərbaycan bu mötəbər idman mərasimini çoxlarına nümunə ola biləcək səviyyədə keçirməyə müvəffəq oldu. Sözsüz ki, bu da dövlətimizin, onun maraqlarının qəsdinə durmaq kimi missiya daşıyıcısı olanları ciddi şəkildə narahat edir. Bu uğursuzluq onları daha da aqressivləşdirib və gözləmək olar ki, qarşıdakı mərhələdə daha iyrənc kampaniyalara əl atsınlar. Xaricdəki himayədarları hansı havanı sifariş edəcəklərsə, bunlar da həmin havaya qol götürüb oynamaq zorundadırlar. Hələlik isə ortaya bank, əmanət, kredit oyunları atıblar.

***

İqtisadi və maliyyə qanunlarının elementar tələblərinə qətiyyən uyğun gəlməyən, hətta bu qanunlarsız belə sadə məntiqdən çox-çox uzaq olan populist fikirlərlə cəmiyyətə təsir göstərmək, “kreditlər silinəcək” kimi şaiyə yayıb sonra da insanları ümidsizliyə salmağa çalışırlar. Bu adamlar o qədər aciz vəziyyətdədirlər ki, bank sistemində baş verən hər hansı dəyişikliyi, “hakimiyyət xalqın cibinə girir” şəklində “şərh” edirlər ki, bu da çoxformalı siyasi əxlaqsızlığın elementlərindən biridir. Diqqət edin, əvvəlcə “Oyunlardan sonra hakimiyyət əhalinin banklardan götürdüyü bütün kiçik kreditləri bağışlayacaq” kimi yalanı dövriyyəyə buraxdılar. Bir neçə gündən sonra isə “Bu hakimiyyət belə humanist addım atmaz” sərlövhəli məqalələrlə çıxış etdilər. Daha başa düşmədilər ki, cəmiyyət artıq onların heç bir sözünü ciddi qəbul etmir. İnsanlar daha əvvəlki kimi hər deyilən sözə inanacaq səviyyədə deyillər. İndi cəmiyyət konkret fəaliyyət proqramlarına, gözlə görünən işlərə, saat mexanizmi kimi işləyən idarəçilik sisteminə inanır və buna hər hansı alternativ görmür. Bunun belə olduğunu “Məhsul” stadionunda keçirilən mitinqlərdə iştirak edən insanların sayı da göstərir...

***

Bəziləri anlamır ki, paslanmış üsullarla siyasi mübarizə aparmaq mükün deyil. Köhnə, dəfələrlə istifadə olunmuş və heç bir nəticə verməyən vasitələr şübhəsiz ki, bundan sonra da səmərə verə bilməzlər. Oturub-durub deyirlər ki, Azərbaycanda söz, fikir azadlığı yoxdur. Nə qədər riyakar olmaq olar? Əgər Azərbaycanda söz, fikir azadlığı yoxdursa onda bunlar uydurduqları yalanları hər gün necə tirajlaya bilirlər? Təminatsız istehlak kreditlərinin verilməsindəki riskləri minimuma endirmək məqsədilə bankların bu kreditlərin faiz dərəcələrini bir qədər artırmasını və ya dollarla olan əmanətlərə ödənilən faizlərin bir neçə bənd aşağı salınmasını “hakimiyyət xalqın pullarını əlindən alır”, “hakimiyət xalqın cibinə girir” şəklində necə təqdim edə bilirlər? Kim kimin pullarını əlindən alır? Kim kimin cibinə girir? Sual olunur, əgər əmanətlərə görə ödənişlərin 2-3% azalması xalqın cibinə girməkdirsə, onda sizin Heydər Əliyev hakimiyyətinə miras qoyub getdiyiniz illik 1800% infilyasiyanın adı nə idi? Özəl bankların vəsaitlərilə bağlı hökumət necə sərəncam verə bilər? Bunların yazdıqları məqalələr bağlı olduqları ölkələrdə işıq üzü görsəydi, hamısı qanun qarşısında dayanıb əməllərinə görə cavab vərərdilər.

Əgər çağdaş dövrün iqtisadi prosesləri hər bir ölkədən öz iqtisadiyyatını və maliyyə sistemini ziyanlı təsirlərdən maksimum sığortalamağı tələb edirsə və Azərbaycanın da bank sistemi bununla bağlı müəyyən rıçaqlardan istifadə edərək ortaya çıxmış problemləri həll etməyə çalışırsa, bunu normal qəbul etmək lazımdır. Bu prosesə “xalqı soymaq” damğasını ancaq gerizəkalı adamlar vura bilərlər. Cəmiyyətə bu qədər ağ yalanlar söyləmək heç kəsə baş ucalığı gətirə bilməz.

***

Başqa bir yalan isə o qədər eybəcərdir ki, bunun yəqin ki, heç bir şərhə ehtiyacı yoxdur. Baxın, Bakı şəhərindəki tıxaclar məsələsindən bəhs edən bu şərbazlar nə yazırlar: “Onun da fərqindəyik ki, son 20 il ərzində şəhərdə küçələr genişləndirilsəydi, normal ictimai nəqliyyat və dayanacaqlar şəbəkəsi qurulsaydı, indiki tıxac problemi olmazdı”. Bakıda son 15 ildə yeni yolların çəkilməsi, mövcud yolların genişləndirilməsi, körpülərin tikilməsi və ümumiyyətlə nəqliyyatın hərəkətinin yaxşılaşdırılması sahəsində nə qədər işlər görüldüyünu hamımız görür, müşahidə edir və bu yollardan istifadə edirik. Dünyanın heç bir şəhərində belə az vaxt ərzində bu qədər nəhəng yol infrastrukturu qurulmayıb. Bu qədər işi görməzdən gəlib ancaq qarayaxmaq, şər-şəbədə danışmaq ancaq xəstə təxayüllün məhsulu ola bilər. Sözsüz ki, qısa müddətdə dörd müavinini “çıxdaş” edənlər sağlam düşüncə daşıyıcısı ola bilməzlər.

Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor


Müəllif:

Oxşar xəbərlər