"Azərbaycanda uşaq kanalını özəl kanal kimi yaratmaq olmaz. Bu kanal dövlətin himayəsi altında olmalıdır".
Trend-in məlumatına görə, bunu "KİV-də qadın və uşaq problemləri" mövzusunda keçirilən dəyirmi masada Milli Televiziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyev deyib.
Şura rəsmisinin sözlərinə görə, uşaq kanalının yaranması lazımlıdır: "Lakin biz buna hazırıqmı? Bu kanal yaranarsa, onu kadrla təmin edə biləcəyikmi?"
Q.Cəbiyev yaxın zamanlarda uşaq kanalının yaradılacağına inandığını deyib.
MTRŞ rəsmisi bildirib ki, Şura bəzi məsələlərə loyal yanaşsa da, uşaq hüquqlarının pozulması məsələlərində tele-radio yayımçılarına güzəştə getmir: "Lakin bu məsələ ilə bağlı da problemlər yaranır. MTRŞ bir necə halda uşaq hüquqlarının pozulması iıə bağlı cəza tədbirləri tətbiq edib. Lakin kanallar hüquq müdafiəçiləri, vəkillər tapırlar ki, onlar da uşaqların hüquqlarını deyil, yayımçıların hüquqlarını müdafiə edirlər. Uşaq hüquqları ilə bağlı danışmaq üçün hər adamı ekspert kimi efirə cıxarmaq düzgün deyil".
Q.Cəbiyevin sözlərinə görə, telekanallar ailə, qadın, uşaq mövzularına diqqətlə yanaşmalı, müsbət təcrübələri yaymalıdırlar: "Amma bəzən ailə məsələləri həddindən artıq şişirdilir. Ailələrin müsbət təcrübələri bir tərəfdə qalır, mənfi məqamlar qabardılır. Bunlar da əks reaksiya doğurur".