5 Avqust 2015 15:51
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı seçki məntəqələrinin müşahidə kameraları ilə təchizatı istiqamətində texniki işlərə başlanılıb.

BTRİB-in baş mütəxəssisi Elman Qədirovun verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) qərargahına qədər xətt şəbəkəsində parametrlərin ölçülməsi, müəyyən istiqamətlərdə optik kabellərin, əlavə kameraların qurulacağı ehtimal olunan məntəqələrin yerləşdiyi ərazilərdə texniki imkanın mövcudluğu ilə bağlı təhlillərə başlanılıb: “Artıq bununla bağlı rəhbərlik tərəfindən tapşırıqlar verilib. Ötən seçkilərin təcrübəsinə uyğun işlərə başlanılıb. Paytaxtda yerləşən 296 seçki məntəqəsində Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən qurulan kameraların texniki imkanlığı dəyərləndirilir. Seçki günündə bütün məntəqələr kameralarla tam təmin olunacaq. MSK-nın saytı vasitəsilə seçki prosesini izləmək istəyən şəxslər hər hansı bir problemlə qarşılaşmayacaqlar”.

Regionlar üzrə isə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 1000-dən çox seçki məntəqəsinin kameralarla təchiz olunacağı gözlənilir.

“Aztelekom” MMC-nin texniki direktoru Zahir Vəliyev də bununla bağlı yerli qovşaqlara müvafiq tapşırıqlar verildiyini bildirib. “Regionlar üzrə ötən illərdə kameralarla təchiz ediləcək məntəqələrlə yanaşı əlavə məntəqələrə də avadanlıq qurulması gözlənilir. Bu baxımdan MSK-nın qərarını gözləmədən texniki tədbirlərimizi aparırıq”.

Qeyd edək ki, seçki günü istər Azərbaycan vətəndaşları, istərsə də dünyanın digər yerlərində yaşayan insanlar Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq Azərbaycanda keçirilən seçki prosesini izləyə bilərlər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər