Azərbaycan Prezidenti İlham Əliyevin jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı aparılan araşdırmaları şəxsi nəzarətinə götürməsi təqdirəlayiq haldır.
Bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Əliyev deyib.
Prezident İlham Əliyevin həm Azərbaycanda baş verən hadisələri, həm də dünya gündəmini çox diqqətlə izlədiyini deyən deputat hesab edir ki, dövlət başçısının aparılan araşdırmaları şəxsi nəzarətinə götürməsi onun jurnalistlrərə diqqətini bir daha sübut edir: “Dövlət başçısı bütün çıxışlarında qeyd edib ki, o, bütün azərbaycanlıların haqqının-hüququnun müdafiəçısı, qarantıdır. Bu hadisədə də Prezidentin reaksiyası özünü çox gözlətmədi. Əminəm ki, jurnalistin öldürülməsi ilə bağlı məsələ obyektiv araşdırılacaq”.
Jurnalist R.Əliyevin öldürülməsinə təəssüfləndiyini deyən millət vəkili hadisəni məişət zəminində baş verən bir olay kimi qiymətlənidirib.
Millət vəkili çox təəssüf hissi ilə jurnalistin yaxınlarına baş sağlığı verdiyini deyib: "Bu, bir gözlənilməz hadisədir. Azərbaycanda söz azadlığı qorunur və bunun üçün bütün imkanlar yaradılır. Qanunlarımız imkan verir ki, jurnalistlər bütün məsələlərə öz münasibətlərini bildirsinlər. Hadisənin baş verməsi düşünmürəm ki, jurnalistin bilavasitə fəaliyyəti ilə bağlıdır. İnsanlar arasında münasibətlər göstərir ki, məsələləri belə araşdırmaq olmaz. Bəzən də bu cür münasibətlər bizi üzən belə hadisələrə gətirib çıxara bilər. Ona görə də insanlar etdikləri hərəkətləri düşünməli və öz məsuliyyətlərini dərk etməlidirlər. İnsan həyatından dəyərli heç nə ola bilməz”.