7 Sentyabr 2015 12:54
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəlzələdən sonra evləri yaşayış üçün təhlükəli vəziyyətdə olan 15 ailəyə çadır qurulub. Evləri bərpa olunana qədər həmin ailələr çadırlarda yaşayacaq”.

Bunu Publika.az-a açıqlamasında Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov deyib.

İcra başçısı bildirib ki, Şəki şəhərində, Turan qəsəbəsində, Bolludərə, Qaratorpaq, Çayqaraqoyunlu, Aşağı Daşağıl, Aydınbulaq, Göybulaq, Əliyar, Cəyirli, Qozlubulaq, Oxud, Aşağı Küngüt, Çeşməli, Şəki kənd, Köbər Zəyzid, Şirinbulaq, Dərəcənnət və Cəfərabad kəndlərində ümumilikdə 240 fərdi evin divarlarında çatlar əmələ gəlib.


Onun sözlərinə görə, yaşayış üçün təhlükəli olan evlərin bərpası və sakinlərin ora köçürülməsi barədə Nazirlər Kabineti qərar verəcək.


“Evlər yaşayış üçün təhlükəli olsa da, infrastruktura təsir etməyib. Yəni qaz, su və işıq xətlərinə zərər dəyməyib. Bundan başqa, təhsil müəssisələrinə, bağçaya dəymiş ziyan da komissiya tərəfindən araşdırılır. Tədris ilinə qədər işlərin başa çatmasını istəyirik, lakin bu məsələ bizim yox, mütəxəssislərin qərarından asılıdır”.

İcra başçısı onu da əlavə edib ki, zəlzələ nəticəsində şəhərdə 2, Qaratorpaq kəndində 4 fərdi ev, Turan qəsəbəsində, Bolludərə, Qaratorpaq və Sarıca kəndlərində uşaq bağçaları, Oxud kəndində orta məktəb binası qəzalı vəziyyətə düşüb.

Bundan əlavə, şəhər və kəndlərdə 27 məktəb binasının, Şəki Dövlət Dram Teatrının, Tarix-Diyarşünaslıq Muzeyinin, Şəki Əlillərin Regional Bərpa Mərkəzinin, Şəki Gigiyena və Epidemiologiya Mərkəzinin, Şəki şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, Turan qəsəbəsində və Qaratorpaq, Aydınbulaq, Qayabaşı kəndlərində yerləşən kitabxana binalarının divarlarında da çatlar yaranıb.

E.Usubov bildirib ki, zəlzələ Şəkinin qala divarlarına ciddi zərər vurmayıb.

“Divarlar qoruq kimi Mədəniyyət və Turizm Nazirliyinin nəzarətindədir. Onlar da monitorinq keçirir. Ümumiyyətlə, hazırda aidiyyəti dövlət qurumları tərəfindən zəlzələ nəticəsində dəymiş ziyanın dəqiqləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, sentyabrın 4-də yerli vaxtla saat 09:49-da Şəki rayonunun cənub-şərqində, Şəkinin Oğuz rayonu ilə sərhədinə yaxın olan ərazidə 7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Şəki rayon ərazisində yerləşən fərdi evlərə, məktəblərə, uşaq bağçalarına, digər sosial təyinatlı obyektlərə ziyan vurub.


Müəllif:

Oxşar xəbərlər