28 Sentyabr 2015 21:58
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rövzət Qasımov: “Maarifləndirmə işinə böyük əhəmiyyət veririk”

“Seçki yalnız bir gün baş verən hadisədir, amma buna baxmayaraq, bu bir günün arxasında uzun hazırlığın nəticəsi dayanır. Mərkəzi Seçki Komissiyası ilin əvvəlindən özünün görəcəyi işləri müəyyənləşdirmək üçün əvvəlcə aşağı seçki komissiyalarının vəziyyətini araşdırıb, ehtiyacların dəyərləndirilməsi üçün müəyyən addımlar atıb və bununla bağlı müvafiq monitorinq həyata keçirib. Bundan sonra təkmilləşdirməyə ehtiyac olan sahələrlə bağlı layihələr reallaşdırmağa başlayıb”. Bu fikirləri MSK Katibliyinin rəhbəri Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, ən vacib məsələlərdən biri seçicilər siyahısının dəqiqləşdirilməsi prosesidir. Onun sözlərinə görə, MSK hər zaman Azərbaycan seçicilərinin məlumatlarının seçicilər siyahısına daxil olunmasını, onların yenilənməsi və daha da dürüstləşdirilməsi məsələsini diqqət mərkəzində saxlayıb.

“Bu, dinamik bir prosesdir, seçici siyahısı seçicilərin hərəkət dinamikası nəzərə alınmaqla hər dəfə dəqiqləşdirilməlidir. Belə ki, Seçki Məcəlləsinə əsasən, hər il yanvar ayından may ayınadək biz seçici siyahılarını dəqiqləşdiririk və may ayının sonunda MSK seçicilərlə bağlı son statistikanı, məlumatı təsdiqləyir. Bu proses sonradan da gündəlik əsaslarla davam etdirilir. Hazırda respublikada daimi fəaliyyət göstərən 125 dairə seçki komissiyası var. Həmin komissiyalar da mütəmadi olaraq bu işləri, yəni seçici siyahılarının dəqiqləşdirilməsi prosesini həyata keçirir. Əsas məqsədimiz budur ki, istənilən Azərbaycan seçicisinin adı seçicilər siyahısında olsun. Bildiyiniz kimi, hazırda bu istiqamətdə gərgin iş gedir. MSK müxtəlif vasitələrdən istifadə etməklə seçiciləri öz adlarını, məlumatlarını seçici siyahılarında dəqiqləşdirməyə dəvət edir, bununla bağlı müəyyən işlər aparılır. Seçicilər müxtəlif vasitələrlə öz məlumatlarını yoxlaya bilərlər. Bundan başda, bizim daim xüsusi diqqət yetirdiyimiz və hər seçki zamanı mühüm əhəmiyyət daşıyan proseslərdən biri də maarifləndirmədir. Maarifləndirmə proqramı çərçivəsində bir sıra layihələr hazırlanaraq həyata keçirilir. Belə ki, MSK maarifləndirmə prosesini həm televiziya, həm digər mətbuat orqanları vasitəsilə aparır, müxtəlif çap vasitələrindən istifadəni həyata keçirir. Eyni zamanda, biz digər vasitələrlə – kliplər, videoçarxlar vasitəsilə də maarifləndirmə işini həyata keçirməyə böyük əhəmiyyət veririk”, – deyə R.Qasımov qeyd edib.

Səxavət


Müəllif: