Telekanallarda ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər sosial problemlərin müzakirə mövzusu olan saxta şouların yayımının dayandırılması davamlı olacaq.
Bunu Trend-ə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib.
Onun sözlərinə görə, bütün telekanallara şou xarakterli proqramlarla bağlı xəbərdarlıq olunub.
"Telekanallar Milli Televiziya və Radio Şurasının oktyabrın 30-da keçirilən iclasında qəbul olunan qərarlardan nəticə çıxarmalıdır" - deyən T.Məmmədov qeyd edib ki, telekanallar proqram siyasətlərinə yenidən baxmalıdırlar.
Prezident İlham Əliyevin 2015-ci il sentyabrın 16-da “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Fərmanını xatırladan qurum rəsmisi qeyd edib ki, "Əsasnamə”yə əsasən “8.11-1. teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduqda, xüsusi razılığın (lisenziyanın) qüvvəsini və ya hər hansı proqramın yayımını bir ayadək müddətə müvəqqəti dayandırır, həmin Qanunla müəyyən edilmiş hallarda isə xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verir: "Bu dəyişiklikdən sonra şura əsasnaməyə uyğun olaraq telekanallarda araşdırmalara başlayıb. Biz bütün telekanallara xəbərdarlıq etmişik. Onlar bu xəbərdarlıqdan nəticə çıxarmasa, biz telekanallara qarşı sanksiyalar tətbiq edəcəyik”.
Araşdırmalara ilkin olaraq daha çox cəmiyyəti narahat edən proqramlardan başladıqlarını deyən aparat rəhbərinin sözlərinə görə, qurum telekanallara bu tipli verilişlərin yerinə, maarifləndirici layihələrin hazırlanmasını təklif edib: “Cəmiyyətdə qıcıq yaradan, sosial problemlərin şouya çevrildiyi, bir sıra mövzuların süni şəkildə günlərlə davam etdirildiyi proqramlar bütün telekanallarda var. Hansı telekanal özü bu tipli verilişləri dayandıracaqsa, biz onlara qarşı sanksiya tətbiq etməyəcəyik. Biz istəyirik ki, belə verilişlərin yerinə telekanallarda vətənpərvərlik, maarifpərvər proqramlar yayımlansın”.
Qeyd edək ki, sentyabrın 30-da Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda “ANS” televiziyasının efirində yayımlanan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarında sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğunu, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna və sosial problemlərin şouya çevrildiyini nəzərə alaraq “ANS” televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb.
“ANS” televiziyasının efirində həftə ərzində şənbə və bazar günləri istisna olmaqla 1-5-ci günlər (bazar ertəsi - cümə günləri), saat 16.20-dən 19.00-dək yayımlanan “Sən tək deyilsən” proqramının, hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək yayımlanan “Xoşqədəmlə axtarıram səni” proqramının yayımının 5 oktyabr 2015-ci il tarixdən etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.