Son zamanlar bir sıra kütləvi informasiya vasitələri ölkəmizin xarici ticarətinin vəziyyəti ilə bağlı yanlış statistik məlumatlar dərc edir, qeyri-dəqiq və həqiqətə uyğun olmayan informasiyalar ictimaiyyətin diqqətinə çatdırılır.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, bu cür məlumatların dəqiqləşdirilmədən informasiya portallarında yerləşdirilməsi və bunun, guya statistik məlumatların Komitə tərəfindən vaxtında ictimaiyyətə çatdırılmaması kimi xarakterizə edilməsi qətiyyən həqiqətə uyğun deyil.
Dövlət Gömrük Komitəsi bildirir ki, xarici ticarətin vəziyyəti haqqında arayış hər ay mütəmadi olaraq DGK-nin rəsmi orqanı olan “Gömrük xəbərləri” qəzetində dərc edilir və DGK-nin rəsmi internet saytında (www.customs.gov.az) yerləşdirilir.
Kütləvi informasiya vasitələrinə bir daha tövsiyyə edilir ki, statistik informasiyaları hazırlayarkən DGK-nin rəsmi orqanı olan “Gömrük xəbərləri” qəzetindən və rəsmi internet saytından (www.customs.gov.az) istifadə etsinlər.