Teleqraf.com ölkə.az-a istinadən seçkilərdə ən qızğın mübarizənin gedəcəyi paytaxtın seçki dairələrinin birindən namizədliyini irəli sürmüş Türk-slavyan hərəkatının lideri, politoloq Adıgözəl Məmmədovla müsahibəni təqdim edir.
Qüyd edək ki, Adıgözəl Məmmədovun Xətai 35 saylı seçki dairəsindəki ən məşhur rəqibləri ASDP-nin sədri Araz Əlizadə, Ümid partiyasının sədri və hazırda da deputat olan İqbal Ağazadədir. Amma Adıgözəl Məmmədov onların heç birini özünə rəqib saymır. Təfərrüatlarını müsahibəsindən oxuyun:
- Namizəd olduğunuz dairədən özünüzə kimləri rəqib görürsüz?
- Öncə namizədliyimi verdiyim dairədən mənə imza verən seçicilərimə təşəkkürümü bildirirəm və hər bir seçicinin seçiminə də hörmətlə yanaşacam. Bizim dairədən deputatlığa namizədliyini verənlər arasında yalnız ikisini – Ümid Partiyasının sədri, hazırkı millət vəkili İqbal Ağazadə və Sosial Demokrat Partiyasının sədri Araz Əlizadəni siyasi çevrədə olduqlarından tanıyıram. O biri namizədlərin fəaliyyəti ilə tanış olmadığından heç bir söz deyə bilmərəm. Amma hər iki partiya sədri də daxil olmaqla digər namizədlər arasında özümə güclü rəqib görmürəm.
- Bu arxayınlığınızı nə ilə əsaslandıra bilərsiz?
- Onlarla mənim fəaliyyətim arasında müqayisəli məqamlar çoxdur. Başlıcası, onlar yalnız Azərbaycan siyasi arenasından kənara çıxa bilməyən qüvvələrdir və siyasi fəaliyyətlərinə baxanda, təhlil etdikdə bir-birinə zidd, təzadlı məqamları görmək olar. Amma mən fəaliyyətimi daha geniş sferada, miqyasda qurmuşam. Təbii ki, bu fəaliyyətim yalnız Azərbaycanın milli maraqları, dövlət və dövlətçiliyin inkişafına, möhkəmlənməsinə hesablanıb. Adlarını çəkdiyim şəxslərdən fərqli olaraq Azərbaycanın ictimai-siyasi yükünü mən beynəlxalq arenaya çıxara bilmişəm. Mənim kitablarım, əsərlərim və tarixi araşdırmalarım regionun ən nüfuzlu ali təhsil və starteji, siyasi institutlarında müzakirəyə çıxarılıb. Özüm həmin yüksək tribunalardan siyasi çıxışlar, analizlər aparmışam. Siyasi psixoportretologiya sahəsində müəllif olduğum “Siyasi liderlərin psixoloji portretləri” , “Səudiyyə sülaləsi geosiyasət”, “Mircəfər Bağırov: Baş tutmamış çevriliş”, ”Kreml rəhbərlərinin psixoloji portretləri”, “Slavyan-türk birliyi Avrasiya inteqrasiyası kontekstində”, “Bağırov-Beriya məxfi protokollar”, “Osmanlı çöküşünə Rusiyadan baxış”, Avtoritar “rejimlər psixoloji portretlər Diktatorla söhbət – Müəmmar Qəddafi, sonuncu kitabım isə Rusiya Strateji Araşdırmaları İnstitutunun əməkdaşlarının yardımı ilə “Regional siyasi liderlərin psxoportreji xarakter xüsusiyyətləri” çapdan çıxıb. Bu gün müəllifi olduğum kitablar dünyanın ən nüfuzlu universitetlərinin – Ağ evin, Konqresin kitab evində, Rusiyanın bütün universitetlərində, həmçinin Miçiqan, Steinford, Berkley, Braun, Yeley, İllinoys və sairə universitetlərinin kataloquna daxil edilib.
Dünyanın bir sıra dövlətlərində belə kitablarımın təqdimatı və müzakirəsi aparılır. Bütün kitablarım geopolitik konstruktiv əsərlərdir. Bilirsiniz, bu gün Azərbaycanın yerləşdiyi coğrafiya Avrasiya coğrafiyasıdır. Bu coğrafiyadan nə qədər kənarlaşırıqsa, bir o qədər ümumilli və regional maraq və məsələlərdən kənarlaşırıq. Mən bunu on illərdir söyləyirəm. Azərbaycan Avrasiya coğrafiyasının bir parçasıdır. Azərbaycan Rusiya və Orta Asiya dövlətləri ilə sıx münasibətdədir. Amma bunu daha da inkişaf etdirmək lazımdır. Bu inkişaf isə Avrasiya İttifaqı çərçivəsində slavyan-türk geopolitik konteksdə olmalıdır. Bu konsepsiya yalnız Azərbaycanın dövlət və regional maraqlarına xidmət edir. Bu konsepsiya mənim tədqiqat etdiyim əsərlərdir. Nəticə də budur ki, Azərbaycan slavyan-türk kontekstində Avrasiya coğrafiyasına aiddir. Bu gün Avropa parlamentarilərinin, birliklərinin Azərbaycana qarşı tutduqları qərəzli və çoxsifətli mövqelərinin şahidi oluruq. Biz öncə Avropanın tarixinə, bizə örnək göstərdikləri dövlətlərin tarixlərinə baxmalıyıq. Məgər faşizm prinsipləri Avropada yaranmayıb? İndi hansı əsasla Avropa bizə insan haqlarının qorunması, demokratik prinsiplərə riayətlə bağlı yol göstərə bilər. Mən vaxtilə belə məntiqli və əsaslı elmi dəlillər gətirəndə bəzi avropapərəstlər fikirlərimi qəribliyə saldılar, istehza ilə yanaşdılar. Amma zaman sübut etdi ki, Avropanın Azərbaycana qarşı sərgilədiyi mövqelər mənim fikirlərimin düzgünlüyünü əsaslandırdı. Azərbaycan bütün prinsiplər və göstəricilərinə görə Avrasiya coğrafiyasının bir daşıyıcısı hesab edilir. Bunu tarixi və elmi faktlarla əsaslandırmışam. Bunu ona görə xatırlayıram ki, mənim siyasi fəaliyyət sferam bu gün eyni dairədən deputat mandatı uğrunda mübarizə aparanların siyasi fəaliyyətindən qat-qat sanballı, əhatəli və güclüdür.
- Adıgözəl müəllim, daha çox modern fikir və təkliflərlə yadda qalmısız. Bu da sizi digər yerli politoloqlardan fərqləndirən müsbət cəhətlərdən biridir...
- Düzdür, bu gün Azərbaycan siyasi arenasında gənc, intellektual səviyyəsi və dünyagörüşü olan insanlar olmalıdır. Hər gün dünyada müxtəlif və qaranlıq proseslər, hadisələr baş verir. Bu hadisələrə düzgün yanaşma tərzi olan intuasiyalı politoloqlara ehtiyacımız var. Prosesləri yerində və dəqiq təhlil edən, baş verə biləcək hadisələrdən, təhlükələri göz önünə alan, ondan çıxış yollarını arayan gənclərimizi dəstəkləməliyik. Məni şablon və əsassız fikirlər yürütmürəm. Söylədiyim bütün fikir və analizlərin arxasında bir məntiq, əsas var.
Mən həmişə dediyim fikrin arxasında dayanıram. Hər bir məsələni təhlil etməliyik, bizə nə sərf edir, nə xeyir edir. Gözəyarı, fikirləşmədən, təhlil aparmadan heç bir addım atmaq lazım deyil, bu bizim ziyanımıza olur. Belə ziyanları çox görmüşük. Hadisələrə dünyanı başa düşəcək tərzdə yanaşmaq lazımdır. Artıq keçmiş sterotipləri dağıtmaq lazımdır. 20-ci, əsrin 30-cu illərinin ideoloji konsepsiyalarından qurtulmalıyıq.
- Sizi daha çox rusiyapərəst politoloq kimi tanıyırlar. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?
- Mən sözün tam mənasında azərbaycanpərəst , milli dövlətçiliyimizə bağlı və Ali Baş komandanın, Azərbaycan prezidenti İlham Əliyevin əsgəriyəm! Rusiya Azərbaycanın strateji partnyorudur. Bu əlaqələr mövcuddur, amma daha da inkişaf etdirilməlidir. Rusiya-Azərbaycan iç-içə keçən dövlətdirlər. Hər iki dövlətin dövlətçilik tarixləri demək olar ki, eynidir. Azərbaycan Orta Asiya dövlətləri ilə də münasibətlərini inkişaf etdirməlidir. Rusiya-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu münasibətlərin möhkəmlənməsini istəməyən qüvvələrin planlarının həyata keçməsinə imkan verməməliyik.