Nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus “Qarant Holdinq”ə daxil olan şirkətlərdən biri – M-Trans MMC-nin rəhbərliyində dəyişiklik baş verib.
Bu barədə “Azərfaks”a Nəqliyyat Nazirliyindəki mənbə danışıb. Məlumata görə, avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirən M-Trans MMC-yə bir neçə gündür ki, xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzov rəhbərlik edir.
Onun hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinə və ölkənin əksər rayonlarındakı avtovağzallara da nəzarət etdiyi deyilir.
A.Bəşirqızı Axar.az-a açıqlamasında mövzu ilə bağlı ümumiyyətlə danışmayıb. Xalq artisti “Afaq xanım, sualın yalnız “Azərfaks”ın yaydığı məlumata görə …” hissəsini eşidən kimi əməkdaşımızın sözünü kəsərək, mövzunun mahiyyətini dinləmədən bu cavabı verib:
- Mən heç nə bilmirəm, məlumatım yoxdur, ölkədə deyiləm, bu barədə (?!) danışa bilmərəm.
Qeyd edək ki, M-Trans Məhdud Məsuliyyətli Cəmiyyəti 14.10.2003-cü il tarixdə 0103-P31-38580№-li şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. 2005-ci ildən isə M-Trans MMC avtovağzal xidməti də göstərir. Şirkət Bakıdan ölkəmizin bütün bölgələrinə, həmçinin Rusiyaı, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri təşkil edir.