Pərakəndə balıq satışı ilə məşğul olan Kəlbəcər rayon sakini eyni ticarətlə məşğul olan şəxs tərəfindən döyülüb.
Teleqraf.com-un əməkdaşının verdiyi xəbərə görə, hadisə Yevlax rayonu ərazisində qeydə alınıb. Kəlbəcərdən məcburi köçkün olan Niyaməddin İsayev rayonun işğalından sonra Yevlax rayonu ərazisində məskunlaşıb. 2 övladı olan Niyaməddin başına gələnləri belə xatırlayır:
"Axşam alverdən sonra kafedə dostlarımla oturub çay içirdik. Birdən İkram gəldi, yanında da bir nəfər vardı. Qonşu stolda oturdular. Bir az keçmiş mənə dedi ki, dur çölə gəl, səninlə işim var. Çıxdım. Kafedən bir az aralandıq, İkram mənə dedi ki, bu gündən sonra orda balıq satma. Dedim, xeyir ola? Elə şey olar? Hərənin bir qisməti var. Qayıtdı ki, mən sənə icazə vermirəm. Bir az mübahisə etdik, dedi ki, əgər bir də səni orda görsəm, öldürəcəm. Bu gündən ora gəlmə. Mən də razılaşmadım. Sonra qolunu boynuma salııb dedi ki, yaxşı, daha get, necə bilirsən, elə olsun. Mən geri çöndüm ki, gedəm. Birdən başıma vurdular. Sonra nə olduğunu bilmədim. Gözümü açanda xəstəxanada idim".
Niyaməddin onu da bildirib ki, indiyə kimi onlar araında heç bir ədavət olmayıb. Onunla birdən-birə niyə belə davrandıqlarına bir anlam verə bilmədiyini deyir. Onu ən çox narahat edən isə həmin gün üstündə olan 6 yüz manatın yox olmasıdır: "Kəlbəcər işğal olandan sonra burda məskunlaşmışıq. Elə o vaxtdan burda qalırıq. Ara-sıra günəmuzd işlə məşğul olurdum. 10 gün olardı ki, Bakı yolunun kənarında balıq satmaq işinə başlamışdım. Alver üçün istifadə etdiyim pulu da borc götürmüşdüm. İndi o pul üstümdə yoxdur. Özüm də xəstəxanadayam, nə vaxt çıxacağım da bəlli deyil. Pul sahibi pulunu istəsə, necə edəcəm, bilmirəm".
Aldığı zərbənin təsirindən yerə yıxılan Niyaməddin yalnız xəstəxanada həkimlərin müdaxiləsindən sonra özünə gəldiyini deyir. Özünün bildirdiyinə görə, həmin vaxt cibində olan pul da götürülüb.
Yevlax Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yaralı ağır vəziyyətdə xəstəxanaya daxil olub. Ona qapalı kəllə beyin travması və beyin silkələnməsi diaqnozu qoyulub. Daxil olarkən isə xəstənin qulağından qanaxma müşahidə edilib. Bu səbəbdən də xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra vertolyotla Bakıdan təcili həkim gətirilib.
Yevlax rayon polis şöbəsi faktla bağlı araşdırma aparır.
Xalid Salmanbəyli