Orta məktəblərin yuxarı siniflərində şagirdlərin dərsə davamiyyətinin zəif olması, repetitor hazırlığı ilə əlaqədar hətta bəzi məktəblərdə siniflərin boş qalması hallarına rast gəlinir. Son vaxtlar bu tendensiya aşağı siniflərdə də özünü göstərməkdədir.
Bu günlərdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilib. İclasda İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklər layihəsi müzakirəyə çıxarılarkən bildirilib ki, məcəlləyə təklif olunan dəyişikliyə orta məktəbdə dərslərindən yayınan şagirdlərin valideynlərinin cərimələnməsi nəzərdə tutulur.
Nəzərdə tutulan dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq edilir.
Qaldırılan məsələ təhsil cəmiyyətində birmənalı qarşılanmayıb.
Dərsdən yayınmaların səbəbi
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün sözlərinə görə, dərsdən yayınmaların bir neçə səbəbi var, öncə bu səbəblər öyrənilib aradan qaldırılmalıdır.
Dərsə davamiyyətin artıq aşağı siniflərdə də pozulduğunu və bu prosesin gün-gündən artdığını deyən təhsil eksperti əlavə edir ki, imkanlı ailələr öz uşaqlarının evdə təhsil almasına üstünlük verdiyinə, belə valideynlər üçün məktəb formal xarakter daşıdığına görə onlar övladlarının məktəbə getməsində maraqlı deyillər: “İmkanlı valideyn hesab edir ki, məktəbdə keyfiyyətli təlim-tədris verilmir və buna görə övladının aşağı sinifdən fərdi təhsilinə imkan yaradır”.
Ekspert dərsdən yayınmanın digər səbəbini iqtisadi çətinliyi olan ailələrin uşaqlarının valideynlərinə maddi dəstək vermək üçün dərsə gəlməməsi ilə əlaqələndirir: “Azyaşlı uşaqlar əməyə cəlb olunurlar. Ümumilikdə isə məktəblərdə repetitor hazırlığına görə şagirdlərin dərsə davamiyyətinin zəif olması faktı var”.
Məlahət Mürşüdlünün fikrincə, bu problem inzibati qaydada qarşısı alınmayan prosesdir: “Görünür, bu addımların atılması ondan irəli gəlir ki, siniflər boşalmasın.
Amma bu problemi inzibati qaydada həll etmək mümkün deyil. 7 gün çox böyük müddətdir, tədris ili cəmi 9 aydır, bayramlar, tətil günlərini də nəzərə alsaq, 8 ay edir. Hər ay 7 gün dərs buraxmaq ümumilikdə 56 gün dərs saatı deməkdi ki, bu da şagirdin tədris proqramından kənarda qalmasına gətirib çıxarır.
İkincisi, məktəblərdə hazırda dərs buraxmalarına qarşı müəyyən qədər mübarizə aparılır, bu cəzanın tətbiqi onsuz da artmaqda olan neqativ halların çoxalmasına səbəb olacaq. Üçüncüsü, bunun ağırlığı aztəminatlı ailələrin çiyinlərinə düşəcək. Problemin bu cür qoyuluşu qarşısıalınmaz prosesə çevriləcək".
Dərs buraxan şagirdin sinifdə saxlanması daha məqbuldur
Təhsil eksperti təklif edir ki, 30 gün dərs buraxıb, tədris proqramını mənimsəmədiyinə görə, ikinci il sinifdə saxlanması qərarı daha məqsədəuyğundur: “Türkiyə təhsil sistemində bu qayda tətbiq olunur. Qayda belədir ki, il ərzində 29 gün dərs buraxılması üzrlü bilinir, 30-cu günə keçdikdə artıq bu şagirdin ziyanına hesablanır və o, təkrar sinifdə saxlanır”.
Məlahət Mürşüdlünün fikrincə, bu məsələnin kökü çox dərindi və öyrənilib aradan qaldırılmalıdır: “Problem kökdə ola-ola budaqları qoparmaq məsələni həll etməyəcək. Məktəb və müəllim fəaliyyəti elə olmalıdır ki, şagird məktəbə həvəslə getsin. Şagird-müəllim münasibətləri elə qurulmalıdır ki, məktəbdə dərs deməyə müəllim maraqlı olsun, dərs öyrənməyə şagird.
Niyə dərsə davamiyyət günbəgün aşağı düşür? Əlbəttə, uşaq sayına görə dövlət büdcəsindən pul ödənilir, vəsait ayrılır. Bu vəsait niyə doğru-dürüst xərclənməməlidir? Bu gün Azərbaycanda fəaliyyət göstərən türk liseylərində şagirdlərin dərsə davamiyyəti tam qaydasındadır. Bu təcrübənin öyrənilib tətbiq olunması daha məqsədəuyğundur".
Müxtəlif fəsadları ola bilər
Təhsil eksperti Şahlar Əsgərov da hesab edir ki, şagird dərsdən yayınırsa, bunun səbəbkarı uşaqlar deyil, məktəbdir: “Məktəbdə şagirdlərə qarşı elə münasibət olmalıdır ki, uşaqlar böyük həvəslə gəlsinlər”.
Ekspertin fikrincə, cərimənin tətbiqi uşaqların təhsilə cəlb olunmasından çox onların dərsdən yayınmalarına səbəb ola bilər: “Nəzərə alsaq ki, şagirdlər heç yerdə işləmirlər, o halda bu cəriməni necə ödəməlidirlər? Məlum məsələdir ki, həmin cəriməni ödəmək valideynin üzərinə düşəcək. O zaman bu, şagirdlərin deyil, valideynlərin cərimələnməsi olacaq. Bunun müxtəlif fəsadları ola bilər. Valideynlər belə hallarla qarşılaşmamaq üçün övladlarını təhsildən yayındıra bilərlər. Düşünürəm ki, cərimə problemdən çıxış yolu deyil”.
Cərimə təhsildə yeni rüşvət mənbəyidir
Təhsil eksperti Nadir İsrafilov da məcəlləyə təklif olunan dəyişikliyı düzgün hesab etmir. Ekspertə görə, bu, əslində övladın əməlinə görə valideynin cəzalandırılması anlamına gəlir: “Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri ciddi araşdırılmalı, məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır”.
Nadir İsrafilovun sözlərinə görə, vaxtilə təhsildən yayınmaq üçün məktəb rəhbərlərinə qarşı vəzıfədən azad olunmaya qədər ən ağır cəza tətbiq olunurdu, rüb ərzində 40 saat dərs buraxan şagirdin biliyi isə qiymətləndirilməmış hesab olunurdu: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla şərtinə qalınca isə, belə səbəblər həmişə tapılıb və bundan sonra da tapılmayacağına heç kəs zəmanət verə bilməz. Nəzərə alsaq ki, dərsdən yayınmada maddiyyatla bağlı məsələlərin də həlledici rolu var, onda bu cərimələr əhalinin müəyyən sosial təbəqəsi üçün əlavə problemlər yaradacağını da istisna etmək olmaz”.
Ekspert hesab edir ki, dərs hesabına repetitor yanına gedənlərə şərait yaradanlara qarşı konkret və əməli tədbirlərin görülməsı bu sahədə vəziyyətin normallaşmasına öz töhfəsini verə bilər: “Məktəb mühitinin sağlamlaşdırılması istiqamətındə konkret tədbirlərin həyata keçırilməsi daha çox effekt verər, nəinki valideynlərin cərimələnməsi. Dərsdən yayınmadan daha ziyanlı tendensiya intişar tapmaqdadır ki, bu da təhsildən yayınmadır. Xüsusilə, regionlarda minlərlə 7 yaşlı var ki, onlar təhsilə cəlb olunmayıblar. Məsələyə kompleks yanaşılmalıdır, cərimə çıxış yolu deyil, əksinə, təhsildə yeni rüşvət mənbəyidir”.
Sevil Hilalqızı