Dövlət Komitəsi Ermənistan və İranı qınadı
“İstər tarixin, istərsə də insanların yaddaşında İrəvanda yerləşən “Göy məscid” azərbaycanlıların məscidi kimi qalıb. Bu gün onun iranlılara icarəyə verilməsini bir tərəfdən belə qəbul etmək olar ki, hər halda müsəlman dövlətinin nümayəndəsinə icarəyə verilib. Bundan qabaq da orada iranlı iş adamları məscidin təmiri ilə bağlı işlər görmüşdülər. Bunları başa düşmək və qəbul etmək olar. Amma bu məsələdə bir sıra incə detallar var ki, onları nəzərə almaq lazım idi. Mən “Göy məscid”in hansı protokol əsasında, hansı mətndə icarəyə verildiyini bilmirəm. Ancaq hesab edirəm ki, onun İrəvan xanı Hüseynəli xanın əmri ilə 1766-cı ildə tikilməsi, azərbaycanlılara məxsus olması və tarix boyu orada İslam dininə aid mərasimlər, ayinlər keçirmələri icarə sənədində qeyd olunmalı idi”.
Bunu İrəvandakı tarixi “Göy məscid”in Ermənistan hökuməti tərəfindən 99 illiyə İranın istifadəsinə verilməsi məsələsinə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.
S.Salahlı qeyd edib ki, ümumiyyətlə, icarədən söhbət gedirsə, əslində bu məscid öz sahiblərinə icarəyə verilsəydi, daha düzgün olardı: “Deyə bilərlər ki, axı biz ora gedə bilmirik, əlaqələr yoxdur, belə bir situasiyada necə icarəyə verilə bilər?! Təbii ki, bunlar hamısı başadüşüləndir. Amma biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olaraq Azərbaycan xalqından, yəni bu milli-mədəni abidənin yiyəsindən soruşulmamış onun haqqında bu cür qərar verilməsini həm etik, həm də hüquqi baxımdan düzgün hesab etmirik”.
“Bununla bağlı hansısa etiraz bildiriləcəkmi” sualına cavab verən S.Salahlı deyib: “Yəqin ki, daha geniş şəkildə münasibət bildiriləcək. Hadisə hələ təzə məlum olub”.
Qeyd edək ki, tarixi “Göy məscid”ə iranlıların marağı hələ bir neçə il əvvəldən yaranmışdı. Burada İranın Ermənistandakı səfirliyinin Mədəniyyət Mərkəzi yerləşirdi. Bu baxımdan məscidin İranın istifadəyə verilməsi gözlənilən idimi sualına cavab olaraq müsahibimiz deyib ki, bu prosesin məntiqi nəticəsi əlbəttə, belə bir sonluğa gətirib çıxarmalı idi.
Onu da bildirək ki, Bakının mərkəzində yerləşən erməni kilsəsi bir neçə il öncə yüksək səviyyədə təmir olunub. Hətta Bakıya gələn bütün ermənilərin katolikosu II Qaregin Prezident İlham Əliyevin qəbulunda olarkən katolikos Azərbaycan dövlətinin bu addımını təqdir etdiklərini demiş və buna görə minnətdarlıq etmişdi. Azərbaycan Dövlət Neft Şirkəti bu gün Gürcüstanda yerləşən bütün xristian dini ibadət yerlərini, o cümlədən erməni kilsələrini mavi yanacaqla təmin edir. Bəs bunun qarşılığında ermənilərin addımını nə cür qiymətləndirmək olar? S.Salahlı bu suala cavab olaraq deyib: “Əlbəttə, bu, namərd hərəkətdir. Bu, açıq-aşkar düşmən hərəkətidir. Yalnız düşmən bunu edə bilər. Bizim etdiklərimizin müqabilində onların belə hərəkət etməsi düşmənçiliyin ən bariz nümunəsidir. Söhbət icarəyə verməkdən gedirdisə, necə ki, biz aramızdakı münaqişəyə və müharibə vəziyyətində olmağımıza baxmayaraq Bakıdakı erməni kilsəsini təmir edib erməni katolikosunu orada qəbul edirdik, onlar da icarə məsələsi ortaya çıxmışdısa, ilk növbədə Azərbaycan dövlətinə müraciət etməli idilər. Eyni zamanda bir neçə il öncə məscidin təmiri məsələsi də ortaya çıxmışdısa, bunu Azərbaycan dövlətinə təklif etməli idilər. Amma aydın məsələdir, düşməndən bundan artıq nə gözləmək olar?! Bu, eyni zamanda psixoloji-mənəvi məsələsdir. Qəsdən belə edirlər ki, Azərbaycan xalqının həssas nöqtələrinə toxunsunlar”.
Bəs, burada İran dövlətinin mənəvi məsuliyyəti nə qədərdir? S.Salahlı qeyd edib ki, əlbəttə, İran dövləti də bu məsələdə həssaslıq nümayiş etdirməli idi: “Çünki bu məscid bizim babalarımızın, tariximizin, mədəniyyətimizin yadigarıdır. Bu məsələdə daha həssas, daha diqqətli olmaq olardı”.
Azərbaycan Respublikası bu məsələni beynəlxalq təşkilatlarda, o cümlədən UNESCO və İSESCO kimi təşkilatlarda qaldırmağı düşünürmü? Müsahibimiz bu məsələ ilə bağlı daha yüksək səviyyədə münasibət bildiriləcəyini və bu zaman bütün məqamlara toxunulacağını vurğulayıb.
Səxavət HƏMİD