Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli atüstü oyunları üzrə Prezident kuboku uğrunda turnir sona çatıb.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, 10-cu dəfə keçirilən yarışlarda respublikanın 24 komandası fəxri mükafat uğrunda mübarizə aparıb.
Yarımfinal oyunlarından sonra turnirin final görüşləri keçirilib. Əvvəlcə 3-cü yer uğrunda oyun olub. Yarımfinalda məğlub olan “Ağstafa” və “Polad” komandaları üz üzə gəliblər. Görüşdə “Polad” komandası 1-0 hesabı ilə qələbə qazanaraq bürünc medallara yiyələnib.
Ardınca isə çövkən milli atüstü oyunları üzrə 10-cu Prezident kubokunun final görüşü keçirilib. “Ağcabədi” və “Sərhədçi” komandaları üz üzə gəliblər. Oyun “Sərhədçi” komandasının 7-0 hesablı qələbəsi ilə nəticələnib.
Beləliklə, “Sərhədçi” komandasının çövkən üstaları Azərbaycan çempionatındakı qələbədən sonra Prezident kubokunu da fəxri mükafatla başa vurublar. Qaliblərə mükafatları Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib.