24 Dekabr 2015 10:35
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aydın Mirzəzadə: “Hərbçilər cənab Prezidentin simasında özlərinin ən yaxın dostlarını, onların problemlərinin həllində ən yaxın sirdaşlarını görürlər”

“Bu gün Azərbaycanda nizami ordu var. Mən hərbi hissələrə tez-tez gedir, vəziyyətlə tanış oluram. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Bu gün Dağlıq Qarabağ problemindən başqa heç bir problemimiz qalmayıb. Xankəndində, Şuşada Azərbaycan bayrağı dalğalanacaq”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin ildönümü münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda səsləndirmişdi.

Ölkə başçısı bəyan edib ki, Silahlı Qüvvələrdə ruh yüksəkliyi var: “Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır. Azərbaycanda ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcək. Bütün bu məsələlər bizi çox sevindirir”.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə mühüm işlər görülür.

“İlk zərbədə düşmənin 70 faizini məhv edəcəyik”

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əsgərlər qarşısında çıxışı zamanı Azərbaycan ordusunun qüdrətini bəyan edərək düşməni məhv etmək iqtidarında olduğunu söyləyib: “Cənab Ali Baş Komandan ordumuzun gücləndirilməsi üçün əlindən gələn hər şeyi edir. Bizim xalqımız qəhrəman xalqdır, bizim igid övladlarımız var və biz öz torpaqlarımız uğrunda daha igidliklə, qəhrəmancasına döyüşməklə torpaqlarımızı azad etməliyik. Artıq həmin gün yaxınlaşıb. Silahlı Qüvvələrimiz gündən-günə möhkəmlənir yeni silahlar, texnikalar alınır. Mən açıq bəyan edirəm ki, biz elə ilk zərbədə onların 70 faizini məhv edəcəyik. Bizim o qədər silah və texnikamız var ki, ermənilərə zərbə endirsək, yüz illərlə özlərinə gələ bilməyəcəklər. Nə qədər ki, gec deyil ermənilər bunu anlamalı və torpaqlarımızı könüllü surətdə tərk etməlidirlər. Silahlı Qüvvələrimizin hər bir hərbi qulluqçusu gecə və gündüz hər fürsətdən istifadə edərək düşməni məhv etməlidir. Düşmən işğal altında olan torpaqlarımızda rahat oturmamalıdır, daim qorxu içərisində yaşamalıdır. Torpaqlarımız azad edilməli, şəhidlərin qisası alınmalıdır. Düşmən artıq təlaş içindədir. Biz onlara elə zərbələr endiririk ki, qorxub qaçırlar. Cəbhədə xidmət etmək istəmirlər, səngərləri ataraq qaçırlar. Onlar mülki adamları postlara yerləşdirmək məcburiyyətindədirlər. Biz gərək işğalçıları öz torpaqlarımızdan qovaq. Biz buna qadirik və bunu edəcəyik”.


Silah arsenalımız

Azərbaycanın ölkə başçısının diqqəti nəticəsində ordumuz ən müasir silahlarla təmin olunub. Belə ki, ən əsas silahlar son illərdə ölkəmizə gətirilib. Bunlar T-90S əsas müharibə tankı, 9K330 “Tor” zenit-raket kompleksi, 2S19 “Msta-S” özüyeriyən haubitsa, TR-300 “Kasırğa” topçu atəş sistemi, TR-122 “Sakarya” reaktiv yaylım atəş sistemləri, 9K57 “Uraqan” reaktiv atəş sistemi, S-300 zenit raket kompleksi, MiQ-29 çoxməqsədli IV nəsil döyüş təyyarəsi, Mi-35M döyüş helikopteri, “Heron” və “Hermes-450" pilotsuz uçuş aparatları və sair daxildir. Müdafiə naziri Zakir Həsənov bəyan edib ki, son dövrlərdə ən müasir ”Smerç" yaylım atəşli reaktiv sistemləri, “Toçka-U” taktiki raket kompleksləri, “BUK-1MB” zenit-raket kompleksləri, “TOS-1A” ağır odatan sistemləri, özüyeriyən “Pion” topları, o cümlədən ölkəmizdə istehsal olunan “Şahin” və “Qaranquş” pilotsuz uçuş aparatları silahlanmaya qəbul edilib.

“Müdafiə və xüsusi təyinatlı məmulatların həcmi 47 faiz artıb”

Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi yeni müdafiə məmulatları ordumuzun maddi-texniki bazasının yüksək səviyyədə təmin olunacağından xəbər verir. Müdafiə sənayesi naziri Yavər Camalovun Azərbaycanda 2006-cı illə müqayisədə müdafiə və xüsusi təyinatlı məmulatların həcminin 47 faiz artığını açıqlaması bunun əyani sübutudur.

Həmçinin NATO standartlarına uyğun xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin, avtomatik topun, xüsusi təyinatlı hücum pulemyotunun və s. məmulatların təcrübi-konstruktor işləri davam etdirilir: “Nazirliyin fəaliyyəti dövründə 1000 addan çox müdafiə təyinatlı məmulatın və onların ehtiyat hissələrinin istehsalı mənimsənilib. Bunlardan universal və tank pulemyotlarını, tank əleyhinə əl qumbaraatanını, müxtəlif mm-lik minaatanları və onlar üçün minalı atəş yığımlarını, pilotsuz uçuş aparatlarını, mina təsirinə dayanıqlı zirehli texnikaları, BTR və BRDM tipli zirehli texnikaların təkmilləşdirilməsini və sair göstərmək olar”.

Azərbaycan Ordusunu Müdafiə Sənayesi Nazirliyi təmin edə bilirmi?

Nazir Y.Camalov qeyd edib ki, ümumilikdə sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2006-cı illə müqayisədə 210 dəfədən çox artıb: “Ümumi məhsul istehsalının tərkibində müdafiə və xüsusi təyinatlı məmulatların həcminin xüsusi çəkisi 2006-cı illə müqayisədə 47 faiz artaraq 86 faiz təşkil edib. Hazırda alınmış və quraşdırılmış texnoloji xətlərdə müxtəlif tipli izburaxan gülləli patronların, müxtəlif mm-lik müxtəlif növ döyüş sursatları üçün partladıcıların, 6 növ kiçik və iri kalibrli lülələrin, 6 növ artilleriya və tank topları üçün mərmilərin, avtomatik topun istehsalının mənimsənilməsi işləri aparılır”.

Nazirliyin fəaliyyəti dövründə tabeli müəssisələrdə 450 addan çox mülki və ikili təyinatlı məhsulların istehsalı mənimsənilib, görülmüş tədbirlər nəticəsində mülki məhsulların istehsal həcmi ildən-ilə artırılır: “2006-cı illə müqayisədə 2015-ci ildə istehsal olunmuş mülki məhsulların həcmi 2,9 dəfə artıb. İstehsalı mənimsənilmiş mülki məhsullardan - əleyhqazı, 12 kalibrli ov tüfənglərini və onların patronlarını, müxtəlif tutumlu akkumulyator batareyalarını, müxtəlif tutumlu termosları, maskalanma torunu, DVB-T peyk dekoderini, müxtəlif laylı çap lövhələrini, plastik taraları, parket məmulatını, müxtəlif mebel dəstlərini, traktor tırtılını və s. göstərmək olar”.

“Ordu quruculuğu Prezidentin fəaliyyətində önəm daşıyır”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Ali Baş Komandan İlham Əliyevin ordumuzun inkişafı üçün verdiyi töhfədən danışıb.
Onun sözlərinə görə, ölkə Prezidentinin fəaliyyətində ordu quruculuğu məsələləri böyük önəm daşıyır: “Bu, bir tərəfdən onun Ali Baş Komandan olması, digər tərəfdən dövlət başçısı kimi ordu quruculuğunun əhəmiyyətiin yüksək qiymətləndirməsi ilə bağlıdır. Möhtərəm Prezident İlham Əliyev 2003-cü ildə prezident seçildiyi ilk gündən müdafiə xərclərinin artırılmasına çox böyük diqqət yetirdi. Təqribən 10 il bundan əvvəl bildirdi ki, vaxt gələcək bizim hərbi büdcəmiz Ermənistanın ümumilikdə dövlət büdcəsinə bərabər olacaq. Nəinki həmin vaxt gəldi, hazırda bizim hərbi büdcəmiz Ermənistan büdcəsindən iki dəfə çoxdur. Ordunun maddi-texniki təminatı, kadr hazırlığı, döyüş ruhunun artırılması istiqamətində böyük işlər görülür. Yeni texnikalar alınır, peşəkar hərbçi kadrlarının hazırlanmasına böyük diqqət yetirilir, ali hərbi məktəblərin hazırlıq səviyyəsi yüksəldilir, bütün hərbi hissələrin yenidən qurulması, təmiri və onların müasir tələblərə cavab verməsi istiqamətində işlər görülür”.

“İlham Əliyev vaxtaşırı hərbi hissələr gəlib döyüş hazırlığını yoxlayır”

Deputat qeyd edib ki, həmçinin cəbhə xətti möhkəmləndirilir və birbaşa təmas xəttində müasir döyüş silahlarının yerləşdirilməsinə önəm verilir, ordu quruculuğu ilə yeni layihələr önə çəkilir: “2005-ci ildə cənab Prezidentin sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Silahlı Qüvvələrimiz bir çox döyüş texnikası və hərbi avadanlıqlarla birbaşa Müdafiə Sənayesi Nazirliyinin müəssisəsinin məhsulları ilə təmin edilməyə başladılar. Hazırda həmin nazirlik nəinki öz ordumuza silahlar təqdim edir, eyni zamanda buraxılan silahların bir hissəsini beynəlxalq silah bazarında sataraq Azərbaycana əlavə valyuta gətirir. Cənab Prezident vaxtaşırı hərbi hissələrdə olur, cəbhə xəttində döyüş hazırlığını yoxlayır. Fərqlənən zabitlərin irəli çəkilməsi, təltif edilməsi də möhtərəm ölkə başçısının diqqətində olan məsələdir. Onun bütün çıxışlarında Dağlıq Qarabağ problemi, o cümlədən ordu quruculuğu məsələləri mühüm yer tutur. Hərbçilər cənab Prezidentin simasında özlərinin ən yaxın dostlarını, onların problemlərinin həllində ən yaxın sirdaşlarını görürlər”.

“Ölkə başçısının ordu quruculuğa diqqəti cəmiyyətdə də müsbət qarşılanır”

A.Mirzəzadənin fikrincə, Azərbaycan Prezidentinin ordu quruculuğa böyük diqqət yetirməsi cəmiyyətdə də müsbət qarşılanır. Əsgərlərin öz hərbi xidmətini başa vurduqdan sonra sağ-salamat geri qayıtması, onların böyük bir qisminin müddətdən artıq qulluq edən işçi kimi Silahlı Qüvvələrdə saxlanması istiqamətində də planlar həyata keçirilir. Bütün bunların nəticəsidir ki, Azərbaycan ordusu dünyanın ən güclü və müasir ordu siyahısında 50-ci yerdə dayanır. Təsadüfi deyil ki, Ermənistan tərəfi vaxtaşırı Azərbaycan ordu quruculuğundan böyük narahatlıq keçirdiyini biruzə verir. Ermənistanın cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində etdiyi həmlələrin qarşısı Azərbaycan tərəfindən böyük məharətlə alınır".

Nərgiz


Müəllif:

Oxşar xəbərlər