Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yerli Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri üçün 2016 Formula 1 Avropa Qran Prisinin akkreditasiya qaydaları haqqında seminar keçirib.
Teleqraf.com məlumatına görə, 70-ə yaxın jurnalistin iştirak etdiyi seminarda, iştirakçılara bu ilin yayında Bakıda ilk dəfə keçiriləcək Formula 1 yarışının akkreditasiya prosesi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi 1-31 mart tarixləri arasında onlayn qaydada, BŞH-nın rəsmi internet səhifəsi (www.bakucitycircuit.com/az) vasitəsilə həyata keçiriləcək.
Tədbirdə açılış nitqi söyləyən BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri və Formula 1 Avropa Qran Prisinin Milli Mətbuat Katibi Nigar Arpadarai, yarışa hazırlıqla bağlı görülən son işlərdən danışıb və jurnalistləri akkreditasiya prosesində fəal olmağa dəvət edib: “Bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisində yerli jurnalistlərin iştirakı bizim üçün olduqca əhəmiyyətlidir. Xüsusilə də Formula 1 kimi dünya əhəmiyyətli bir yarışa vəsiqə qazanıb onu işıqlandırmaq jurnalistlərimiz üçün nadir bir fürsətdir. Bu işdə hamınızı fəal olmağa çağırıram”.
Daha sonra çıxış edən BŞH-nın KİV Əməliyyatları üzrə meneceri Ayan Ağayeva iştirakçıları akkreditasiya qaydaları ilə tanış edib.
Seminar Avropa Qran Prisinin rəsmi elçisi Rəhim Əliyevin çıxışı ilə davam etdirilib. Formula 1 şərhçisi R.Əliyev tədbir iştirakçılarına Qran Pri yarışılarını işıqlandıran jurnalistlərin fəaliyyəti barədə məlumat verib və bu sahədə olan təcrübəsini yerli media nümayəndələri ilə bölüşüb.
Üç saat davam edən seminarın sonunda qeyri-rəsmi qaydada sual-cavab sessiyası keçirilib. BŞH-nın media əməliyyatları üzrə rəsmiləri jurnalistlərin akkreditasiya prosesi və eyni zamanda yarışla əlaqədar suallarını cavablandırıblar.
İlhamə