16 Fevral 2016 15:29
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekspert: “Şirkət bir peyki olan ölkə ilə müqavilə bağlamağa ehtiyat edir”

Bu yaxınlarda Prezident Nazirlər Kabinetinin toplantısında böyük investisiya qoyulan, dövlət vəsaitləri sərf olunan layihələrin az gəlir gətirməsinə diqqət çəkdi. Söhbət İKT sektorundan, o cümlədən də milli peyklərimizdən gedirdi.

Fevralın 8-də ilk peykimizin orbitə qaldırılmasının 3 ili tamam olub. Peykin ömrü isə cəmi 15 ildir. Milli peykin fəaliyyəti ilə bağlı vəziyyət necədir?

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin peyk əməliyyatları qrupunun rəhbəri Dunay Bədirxanovun sözlərinə görə, ASC peyk resurslarının idarə edilməsi üzrə kadr və texniki mütəxəssislərin hazırlanması ilə bağlı ciddi işlər görüb: “Əsas diqqət yerli kadr potensialına yönləndirilib. Birinci telekommunikasiya peykinin orbitə buraxılmasından və idarəetmə mərkəzlərinin işə salınmasından sonra ASC-nin mütəxəssisləri ”Measat Satellite Systems" və “Orbital Sciences Corporation” şirkətlərində staj keçiblər. Hazırda peykin idarə edilməsi yalnız yerli kadrların ixtiyarına verilib. Bununla yanaşı, kadr potensialının artırılması işinə əcnəbi mütəxəssisləri də cəlb edirik".

Qrup rəhbəri bildirib ki, peykin idarə edilməsi sistemi fasiləsiz şəkildə - həftədə 7 gün, sutkada 24 saat işləyir: “ASC-nin mütəxəssisləri təyin edilmiş orbital mövqedən yayınmaması üçün peykin iş vəziyyətinə nəzarət edirlər. Lazım olanda peykə komandalar göndərir, konfiqurasiyada və peykdə quraşdırılmış telekommunikasiya avadanlığının istifadəsində müvafiq dəyişikliklər edirlər.

Hazırda ASC qarşısında dayanan vacib vəzifələrdən biri “Azerspace-2" telekommunikasiya peykinin orbitə buraxılmasıdır. Onun istehsalçısı qismində Kanadanın MDA korporasiyasının törəmə şirkəti ”Space Systems Loral" (SSL) çıxış edir. Şirkətlə 2015-ci ilin oktyabrında müqavilə imzalanıb. Bu şirkət peyk idarəetmə sistemlərinin tədarükçüsü qismində də çıxış edir".

Dunay Bədirxanovun sözlərinə görə, “Azerspace-2" peykinin orbitə buraxılması 2017-ci ilə planlaşdırılıb: ”Peyk 45 dərəcə şərq uzunluğu orbital mövqedə yerləşdiriləcək. “Azerspace-2" Fransanın ”Arianespace" şirkətinin “Arian-5" raket daşıyıcısı ilə Kuru aerodromundan orbitə buraxılacaq. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq”.

İdarəetmə mərkəzində “Azersky” aşağı orbitli peykin idarə edilməsi üzrə texniki qrupun da işlədiyini deyən “Azərkosmos” rəsmisi bildirib ki, missiyaların planlaşdırılması və peykdən alınan şəkillərin işlənməsi ilə də qrup məşğul olur: “Azersky”ın resursları rəqəmsal xəritələrin modelləşdirilməsi, nəqliyyat infrastrukturuna nəzarət, ekoloji monitorinq, şəhərsalma, əkinlərin monitorinqi, çirklənmənin qiymətləndirilməsi, təhlükəsizlik, hərbi məqsədlər üçün lazımdır. Azərbaycanın “Azersky” peykinin idarəetməsini öz üzərinə götürməsi ilə bağlı müqavilə 2014-cü ildə Azərbaycan və Fransa arasında strateji tərəfdaşlıq çərçivəsində imzalanıb ki, bu da ASC-yə yerin məsafədən zondlaşdırılması üzrə kommersiya xidmətləri göstərməyə başlamaq hüququ verdi".

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyir ki, Azərbaycan kosmik layihə ilə məhdud sayda olan kosmik ölkələr siyahısına daxil olub: “Bu da ölkəmizin beynəlxalq aləmdə imicinin artmasına müsbət təsir edib. Daha çox kosmik infrastrukturla, kadrlarla bağlı müəyyən irəliləyişlər olub. Bildiyiniz kimi, dövlət başçısı keçirdiyi iclasda da bildirdi ki, bu sahəyə böyük sərmayə qoyulub və gözləntilərimiz hələlik doğrulmayıb. Bu o deməkdir ki, gəlirlər yoxdur”.

2009-cu ildə peykin yaradılması müzakirə ediləndə də böyük risklər ola biləcəyi ehtimalının səsləndirildiyini deyən ekspert əlavə etdi ki, bazar artıq müəyyən şirkətlər tərəfindən nəzarətə alınıb: “Resusları satmaq çətin olacaq. Belə risklər qabaqcadan da vardı. Əslində o zaman üçün daha optimal variantlar seçilə bilərdi. Məsələn, digər ölkələrlə əməkdaşlıq eləmək, hansısa bir ölkənin peykinin müəyyən hissəsini icarəyə götürmək mümkün idi. Yəni daha risksiz variantları seçmək də pis olmazdı.

Reallıq ondan ibarətdir ki, peykimiz var. Biri orbitdədir, digəri də orbitə hazırlanır. Təbii ki, telekommunikasiya ilə bağlı bir peykin buraxılması əlavə peyklərin buraxılmasını da diktə edir. Yoxsa müqavilə bağlayanlar az olur. Bir şirkət bir peyki olan ölkə ilə müqavilə bağlamağa ehtiyat edir ki, birdən siqnalda nəsə problem çıxsa, mən xidmətimi harasa çatdıra bilməyəcəm. Ona görə 2-3 peykin orbitə buraxılması digərinin dayanıqlığını gücləndirir.

Kosmik layihələrə baş qoşmuş ölkə də məcburdur ki, ikinci peykini buraxsın. İstənilən peykin ömrü maksimum 15 il olur. Bu müddətdə həm çəkilən xərc ödənməlidir, həm də qazanc götürülməlidir. Bunun üçün müştəri tapmaq, bazara daxil olmaq lazımdır. Bununla bağlı yeni xidmətlər, marketin işləri, ölkələr arası anlaşmalar olmalıdır".

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər