23 Fevral 2016 16:07
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bazar iqtisadiyyatının tələblərinə uyğun reallaşdırılan islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının uğurlu icrasının nəticəsidir ki, hazırkı şəraitdə ölkəmizdə bütün sosial proqramlar vaxtında reallaşdırılır. O cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilir”.

Telelqraf.com-un məlumatına görə, bunu Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsinin müzakirəsi zamanı fondun sədri Elman Mehdiyev deyib.

Dürüstləşdirilmiş büdcə layihəsində fondun gəlir və xərclərinin 3307,4 milyon manat proqnozlaşdırıldığını qeyd edən Elman Mehdiyev bildirib ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228,8 milyon manat və ya 7,4 faiz çoxdur.

O, deyib ki, gəlirlərin gözlənilən artımının 82,8 milyon manatı və ya 36,2 faizi məcburi dövlət sosial sığorta haqları, 146 milyon manatı və ya 63,8 faizi dövlət büdcəsindən ayırmalar (transfert) hesabına təmin ediləcək: “2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində əhaliyə ödənişlər 3239 milyon manat nəzərdə tutulur, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,6 faiz və ya 227,8 mln. manat çoxdur”.

Elman Mehdiyev onu da bildirib ki, əmək pensiyalarının ödənişi xərcləri 3136,1 milyon manat olmaqla, 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,3 faiz və ya 212,5 mln. manat artımla proqnozlaşdırılır. Xərc artımında yaşa görə əmək pensiyasının baza hissəsinin 110 manat təyin edilməsi ilə bağlı olaraq, bütün növ əmək pensiyalarının baza hissəsinin və baza hissəsinə əlavələrin yenidən hesablanması, müəyyən kateqoriyadan olan hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarındakı artıma müvafiq qulluq stajına görə əmək pensiyalarına əlavələrin artırılması, eləcə də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi xərclərinin dürüstləşdirilməsi nəzərə alınıb.

Layihədə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin bütün növləri üzrə də artım nəzərdə tutulmuşdur. Müavinətlərin ödənişi xərcləri 102,9 mln. manat olmaqla, 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 17,5 faiz və ya 15,3 milyon manat artımla nəzərdə tutulub.

Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərində 0,9 mln. manat və ya 4,5 faiz artım nəzərdə tutulub. Bu istiqamət üzrə xərclər 20,1 milyon manat ilkin məbləğə qarşı 21,0 milyon manat həcmində proqnozlaşdırılıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər