“Bəzi kütləvi informasiya vasitələri qeyri-ixtisas sahiblərinin iddialarına əsaslanaraq populist fikirlər yayımlayır”
Dünya təcrübəsi nəzərə alınaraq ölkə ərazisində Genetik Modifikasiya olunan Orqanizm (GMO) məhsullarının qadağan edilməsi barədə bir sıra normativ hüquqi aktlar qəbul edilərək bu qəbildən olan yeyinti məhsullarınin və GMO bitkilərinin idxalına, satışına, dövlət qeydiyyatına alınmasına sərt qadağalar qoyulub. Qanunun icrası məqsədilə Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən bir sıra zəruri tədbirlər həyata keçirilir.
Bu barədə Teleqraf.com-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əkin materiallarının idxalı ölkə qanunvericiliyi ilə təsdiqlənən və beynəlxalq miqyasda tanınan GMO bitkilərinin sortlarının siyahıları ilə tutuşdurulmaqla və etiketlərinin araşdırılması üsulu ilə aparılır. Toxumların və digər əkin materiallarının idxalı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən idxal karantin icazələri, yeyinti məhsullarının idxalı isə qanuna uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən verilən gigiyenik sertifikatlar əsasında həyata keçirilir. İcazələrin və gigiyenik sertifikatların verilməsi zamanı məhsulların tələblərə, eləcədə GMO tələblərinə cavab verməsi də yoxlanılır.
GMO məhsullarına nəzarətinin daha da gücləndirilməsi məqsədi ilə DGK-nın Mərkəzi Gömrük Ekspertizası İdarəsinin nəzdində GMO laboratoriyası fəaliyyət göstərir. Laboratoriyanın 4 nəfər eksperti Avstriya, Ukrayna və Türkiyəli mütəxəssislər tərəfindən təşkil edilmiş treninqləri uğurla başa vuraraq GMO analizinə icazə verən sertifikatlar əldə edib. Hazırda laboratoriyada ən müasir üsulla - real zaman miqyasında Polimeraza Zəncirvari Reaksiya (PCR) və paralel olaraq soya və qarğıdalı kimi xam materiallarda test zolaqlar üsulu ilə ekspress metodun tətbiqi həyata keçirilir. Ekspress metod vasitəsi ilə 1 saat, PCR metod vasitəsi ilə 1-2 gün ərzində nəticələr əldə edilir. 2015-ci ilin avqustunda fəaliyyətə başlayan GMO laboratoriyasında ilin sonuna qədər 2287 nümunə müayinədən keçirilib. Ümumilikdə 500 kq qarğıdalı unu və 1000 kq günəbaxan toxumlu çörək unu qarışığında GMO elementləri aşkar olunub.
Komitənin qərarı ilə eyni zamanda 6 sərhəd keçid məntəqəsində GMO laboratoriyaları qurularaq onlar üçün ekspress PCR laboratoriyaları əldə edilib. Naxçıvan Mərkəzi Gömrük Ekspertizası İdarəsində də yeni GMO laboratoriyası fəaliyyətə başlayıb. Məqsəd GMO mənşəli məhsulları ölkə ərazisinə buraxmamaq, ölkə əhalisinin bu sahədəki narahatlığını aradan qaldırmaqdır.
Komitədən bildirirlər ki, insanların narahatlığını artıran əsas amillərdən biri də bəzi kütləvi informasiya vasitələrinin qeyri-ixtisas sahiblərinin iddialarına əsaslanaraq qanuni və elmi əsası olmayan populist fikirləri yaymasıdır: “Bir müddət əvvəl Ekspertiza İdarəsinə GMO analizi etmək məqsədilə yağ nümunəsi təqdim olunub. Laboratoriyadan nümunəni təqdim edən şəxsə əvvəlcədən bildirilib ki, yağ, şəkər, spirt və nişasta kimi məhsullarda GMO analizlərinin əksəriyyəti alınmır. Çünki bu cür saflaşdırılmış məhsullarda zülal olmadığından analiz üçün tələb olunan DNT-nin əldə edilməsi çox çətindir. Buna baxmayaraq aparılan araşdırma zamanı mütəxəssislərin mülahizəsi özünü doğruldub və yağ nümunəsində GMO elementləri aşkar olunmayıb. Bir məqamı da vurğulamaq yerinə düşər ki, həmin yağ nümunəsi respublikamızda fəaliyyət göstərən ən müasir laboratoriyada da yoxlanılıb və nəticə gömrük laboratoriyasının nəticəsi ilə eyni olub. Bir daha qeyd edək ki, beynəlxalq təcrübəyə və xarici mütəxəssislərin rəyinə əsasən saflaşdırılmış yağlarda ümumiyyətlə GMO analizi aparılmır, onların analizini aparmaq üçün istifadə edilən xammal analizə götürülür. Ancaq qəribədir ki, bəzi televiziya kanallarının ucuz reytinq siyasətinə dövlət qurumunun əsaslandırılmış rəyindən daha çox ekspert kimi təqdim etdikləri şəxslərin populist fikirləri daha sərfəlidir. Bunu nəticəsidir ki, GMO məhsullar haqqında istehlakçıya doğru informasiyadan daha çox “hay-küy” yaradan məlumatlar ötürülür. Bu məlumatların yayanlar üçün bazarlardakı meyvə-tərəvəzin həcminin böyük olması və xarici görünüşü onların GMO məhsul olması anlamına gəlir. Mütəxəssislər bilir ki, meyvənin iriliyi onun sortundan, parıltılı olması isə parafinlə örtülməsi ilə bağlıdır. Bu cür emal edilmiş meyvələr çürümür və xarici təsirə dayanıqlı olur. Bu səbəbdən xaricdən gətirilən meyvələrin qabığının soyulması məsləhət edilir. Halbuki, GMO məhsulun yaradılması uzun və bahalı bir prosesdir. Külli miqdarda vəsait tələb edən bu proses müxtəlif biotexnoloji üsullar vasitəsi ilə həyata keçirilir və hər meyvənin GMO növü yoxdur. Birillik bitkinin GMO sortunun yaradılması üçün 5 il, bitkilərin ağac növlərinin yaradılması üçün isə uzun illər sərf olunur. Bu səbəbdən GMO sortları yalnız mühüm strateji vacib bitkilər üçün yaradılıb. Dünyada yalnız 1 növ gavalının, 2 növ almanın və 2 növ papayanın GMO sortları yaradılaraq reyestrə daxil edilib. Digər meyvələrin GMO sortları hələlik mövcud deyil. Bu “Mədəni bitkilərin genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi haqqında” 259 nömrəli 13 noyabr 2012-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş beynəlxalq miqyasda tanınmış bitkilərin GMO sortların siyahısında öz əksini tapıb”.
Mövcud qanunvericiliyə əsasən fiziki şəxslər tərəfindən10 kq qədər şəxsi istifadə üçün gətirilən ərzağın gömrük keçid məntəqəsində yoxlanılması nəzərdə tutulmayıb. Lakin qanunlardan bixəbər bəzi media nümayəndələri tərəfindən bu məlumat görünür kimlərəsə sərf edəcək şəkildə - “Gömrük laboratoriyası idxal olunan meyvələri yoxlamır” başlığı altında yayımlanır. DGK bir daha bildirir ki, ölkənin iqtisadi təhlükəsizliyinin keşiyində duran strateji bir qurumun fəaliyyəti barədə qeyri-dəqiq məlumatların yayılması, hər hansı fakta əsaslanmadan dövlət qurumunun fəaliyyətinə kölgə düşürülməsi yolverilməzdir.
Naibə QURBANOVA