10 Mart 2016 11:58
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumu öz işinə başlayır. İki gün davam edəcək Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "İnterAction Council", Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində baş tutur. Forumda Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan prezidentləri iştirak edəcək. Bundan başqa, 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndənin iştirakı gözlənilir.

Mötəbər tədbirdə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunacaq. Bundan başqa, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxildir.

Qlobal Bakı Forumu siyasi, iqtisadi və humanitar sahələrdə dövrümüzün aktual məsələlərinin, dünyada baş verən mühüm hadisələr və cərəyan edən proseslərin müzakirə olunduğu mühüm platformadır. Bundan əvvəl keçirilmiş üç forum mövzuların genişliyi və aktuallığı, yüksək səviyyəli təmsilçilik və tədbirdə iştirak edən nümayəndələrin fəallığı baxımından dünya ictimaiyyətinin və beynəlxalq medianın diqqətini cəlb edib.

Dördüncü Forumun müzakirələri aşağıdakı istiqamətləri əhatə edəcək: Qlobal etimadsızlıq və təhlükəsizlik; regional dinamiklik və təhlükələr; iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya.

Forumun "Müasir dövrün qlobal çağırışı" adlı açılış sessiyasında bir sıra ölkələrin dövlət və hökumət başçıları çıxış edəcək, videomüraciətlər nümayiş olunacaq.

Plenar sessiyada və panel iclaslarında dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlər gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr aparacaqlar.

Mladen İvaniç: "Bakı Forumu müsbət təşəbbüslər irəli sürmək üçün böyük imkandır"

IV Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç deyib ki, böyük problemlərin olduğu bir vaxtda bizi sülh, rifah və ədalət dünyasına bir addım daha yaxın edə biləcək fikir və ideyaların mübadiləsi liderlər üçün olduqca zəruridir. Bakı Forumu bu problemləri müzakirə etmək və ən vacibi isə müsbət təşəbbüslər irəli sürmək üçün böyük imkandır.

Latviyanın sabiq prezidenti: "Forumda səslənəcək fikirlər dünyaya çağırış olacaq"

Latviya Respublikasının sabiq prezidenti xanım Vayra Vike-Frayberqa deyib ki, IV Qlobal Bakı Forumunda səslənəcək fikirlər bütün dünyaya bir çağırış olacaq: "Forum dialoq, müzakirə və debatların keçirilməsi baxımından olduqca əhəmiyyətlidir. Belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin hazırkı və sabiq prezidentlərinin iştirakı, eyni zamanda, Azərbaycanın həmin ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfə verəcək. Bildiyiniz kimi, sağlamlıq məsələləri artıq qlobal problemdir. Ana və uşaq ölümü ilə bağlı göstəricilər hər ölkədə müxtəlif olsa da, epidemiyalar sərhəd tanımır. Buna görə də fəaliyyətlərimizi birləşdirməliyik ki, belə fövqəladə hallara hazır olaq".

Viktor Yuşşenko: "Azərbaycan regionun lideridir"

Ukraynanın eks-prezidenti Viktor Yuşşenko bildirib ki, IV Qlobal Bakı Forumu dünyada sülhün və sabitliyin təmin olunmasına öz töhfələrini verir: "Azərbaycan regionun lideridir. Ölkənizin ciddi imkanları, güclü potensialı var. Bu əlverişli şərait belə mötəbər tədbirlərin keçirilməsi üçün imkanlar yaradır".

V.Yuşşenko forumda müzakirə olunan məsələlərin qlobal dünyada işsizlik, miqrasiya, insan alveri və digər problemlərin həllinin araşdırılmasına əhəmiyyətli töhfə verəcəyinə əminliyini vurğulayıb. Azərbaycanın siyasətindəki tarazlığın regionda uzunmüddətli sülhün və siyasi sabitliyin perspektivinə kömək göstərdiyini diqqətə çatdıran keçmiş Prezident ölkəmizin dünyada güclənən səsini əhəmiyyətli hesab edib. O, Qlobal Bakı Forumunun dünyada sülhün və sabitliyin təmin olunmasına xidmət etdiyini vurğulayıb.

Kanadanın keçmiş Baş naziri: "Aparacağımız müzakirələr gələcək nəsil üçün də önəmlidir"

Kanadanın keçmiş Baş naziri Jan Çretyen deyib ki, IV Qlobal Bakı Forumu keçmiş və indiki liderlərə qlobal problemləri müzakirə etməyə, onların həlli yollarını tapmaq yolunda səylərə şərait yaradır: "Burada aparılacaq müzakirələrin gələcək nəsil üçün də önəmli olacağı şübhəsizdir. Bakıda müxtəlif dinlərin nümayəndələri ilə görüşdüm. Onlarla söhbətlər zamanı ölkənizin multikulturalizmə, mədəniyyətlərarası dialoqa önəmli töhfələr verəcəyinə bir daha əmin oldum".

Bakıya ikinci dəfə səfər etdiyini diqqətə çatdıran keçmiş Baş nazir yenidən ölkəmizdə olmağından məmnunluğunu ifadə edərək bildirib ki, forum iştirakçılara Azərbaycanı daha yaxından tanımaq, onun zəngin tarixi və mədəniyyəti ilə tanış olmaq imkanı verəcək.

Siyavuş Novruzov: "Forum Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında yeni imkanlar yaradır"

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov hesab edir ki, IV Qlobal Bakı Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin dünyada artan nüfuzundan xəbər verir.

Onun sözlərinə görə, son vaxtlar Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. S.Novruzov deyib ki, bütün bunlar Azərbaycanın iqtisadi inkişafı, ölkədəki mövcud sabitlik, dinlərarası dialoq və müasirliyi ilə bağlıdır: "Bütün bunlar ona imkan verir ki, Azərbaycan IV Qlobal Bakı Forumuna növbəti dəfə ev sahibliyi etsin. Bu gün Azərbaycan dünyanın təhlükəsizlik adasına çevrilib. Çünki Azərbaycan hansı beynəlxalq tədbirə ev sahibliyi işini öz üzərinə götürürsə, həmin tədbir çox yüksək səviyyədə başa çatdırılır. Bilirsiniz ki, ötən il I Avropa Oyunları Azərbaycanda keçirildi. Bu il isə Formula 1 beynəlxalq avtomobil yarışları ölkəmizdə keçiriləcək. Bundan əlavə, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları Bakıda təşkil olunacaq. Bütün bunlar Azərbaycan dövlətinin inkişaf göstəriciləridir".

Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin bəzi dairələr tərəfindən tənqid olunması məsələsinə də toxunan S.Novruzov vurğulayıb ki, bir sıra dairələr Azərbaycanın sürətli inkişafını və artan nüfuzunu həzm edə bilmir: "Ona görə də Azərbaycanda bu cür nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinə görə ölkəmizə böhtanlar atır, əhali arasında çaşdırıcı səhv informasiyalar yayırlar. Ancaq həmin yalan məlumatlar cəmiyyət tərəfindən birmənalı olaraq pislənilir. Bu cür beynəlxalq tədbirlər Azərbaycanın dünyada təbliğinə yönələn addımlardır. Təkcə bu tədbirlərdə nüfuzlu və tanınmış şəxslərin iştirakı onu göstərir ki, Azərbaycan mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu baxımdan mən IV Qlobal Bakı Forumunun Azərbaycanda keçirilməsini çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu cür tədbirlərin Azərbaycanda daha çox keçirilməsi ölkə əhalisinin iradəsi və dövlət başçısının yürütdüyü azad və müstəqil siyasətin bariz nümunəsidir".

S.Novruzov qeyd edib ki, dünyanın ayrı-ayrı nüfuzlu və tanınmış şəxslərinin IV Qlobal Bakı Forumunda iştirakı Qarabağ həqiqətlərinin də dünyaya dəqiq çatdırılması üçün yeni imkanlar yaradır.

Rauf Əliyev: "Bakı Forumu həm də Azərbaycanın təbliğatı deməkdir"

Milli Məclisin deputatı Rauf Əliyevin fikrincə, bundan öncəki 3 forum kimi IV Qlobal Bakı Forumunun da əhəmiyyəti böyükdür: "Forum çərçivəsində dünya ölkələrinin prezidentləri, baş nazirləri, yüksək post tutmuş şəxslər ölkəmizə gələndə ilk növbədə Azərbaycanın inkişafını görəcəklər. Onlar dünyanı bürüyən iqtisadi böhran fonunda ölkəmizin tərəqqisinin şahidi olacaqlar. Dünyada gedən proseslərə cavab axtarılarkən Azərbaycan qonaqların diqqətinə ölkəmizin tolerant olduğunu, burada müxtəlif millətlərin nümayəndələrinin qardaşlıq şəraitində yaşadığını göstərəcək. Azərbaycanda həm sinaqoq, həm kilsə, həm də məscidlər fəaliyyət göstərir. Müxtəlif dinlərə sitayiş edən şəxslər mehriban şəraitdə yaşayırlar. Bu Foruma qatılan insanların hərəsi nə isə özü ilə öz ölkəsinə aparır. Elə adam var ki, forumlara ikinci dəfə gəlir, amma ilk dəfə ölkəmizə təşrif buyuranlar da olur. Onlar Dağlıq Qarabağ probleminin ağrısını öz gözü ilə görür və mahiyyətini daha dərindən anlamaq imkanı əldə edir".

Deputat qeyd edib ki, tədbir iştirakçıları geopolitik məkanda yerləşən Azərbaycanda hansı proseslərin getdiyini və əsas problemimizin nədən ibarət olduğunu təfsilatı ilə biləcəklər: "Bir tərəfdən Forumda siyasi məsələlərə toxunulacaq, digər tərəfdən Azərbaycanın mədəniyyəti, tarixini, paytaxtımızın gözəlliyini görəcəklər. Cənab Prezidentimizi alqışlayıram ki, belə forumlara dəstək verir, ölkəmizdə mədəni dialoq keçirilir. Azərbaycanın bu cür mötəbər tədbirə ev sahibliyi etməsi həm də ölkəmizin təbliğatı deməkdir".

Qeyd edək ki, sözügedən Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən dördüncü toplantıdır. İlk forum (Cənubi Qafqaz Forumu) 2013-cü ilin 5-8 may tarixində 29 ölkədən 142 nümayəndənin iştirakı ilə "Müştərək cəmiyyətlər və qadın azadlıqları" mövzusunda təşkil olunub. İkinci forum (Açıq Cəmiyyətlər Forumu) 2014-cü il 27-29 aprel tarixində "Post 2015 gündəliyi və müştərək cəmiyyətlər" mövzusunda keçirilib. İkinci forumda 42 ölkədən 165 nümayəndə iştirak edib. 2015-ci ilin 28-29 aprel tarixində keçirilmiş III Qlobal Bakı Forumunun mövzusu isə "Yeni dünya düzənində etimadın bərpa edilməsi" olub və bu toplantıya dünyanın 72 ölkəsindən 350-dən çox nümayəndə qatılıb.

Hər üç forumda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib və nitq söyləyib.

Nərgiz EHLAMQIZI


Müəllif:

Oxşar xəbərlər