"Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə həmişə sadiq olub. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Novruz bayramı bizim milli sərvətimizdir. Müstəqil Azərbaycan dövləti də milli-mənəvi dəyərlər üzərində qurulub".
Bunu Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibəti ilə Bakıda keçirilən ümumxalq şənliyində çıxışı zamanı deyib.
Bu il müstəqilliyimizin bərpa edilməsinin 25 illiyinin qeyd olunacağını deyən Prezident İlham Əliyev müstəqilliyimizin ilk illərindəki çətinliklərdən bəhs edib, bu çətinliklərin aradan qaldırılmasında ulu öndər Heydər Əliyev böyük xidmətlərini vurğulayıb: "Bu gün Azərbaycan sözün əsl mənasında müstəqil siyasət aparır. Dünyada mürəkkəb proseslərin getdiyi bir vaxtda Azərbaycan sabitlik və təhlükəsizlik məkanıdır. Biz çalışacağıq ki, xalqımızı bütün risklərdən qoruyaq, insanların rahat yaşayışını təmin edək. Azərbaycan heç bir ölkənin daxili işinə qarışmır, heç bir avantüraya qatılmır. Beynəlxalq məsələlərlə bağlı Azərbaycanın prinsipial mövqeyi var, Azərbaycan ədalətin, beynəlxalq hüququn tərəfindədir. Ölkəmizin başqa dövlətlərin maraqlarını təmin etmək üçün qarşıdurma məkanına çevrilməsinə heç vaxt imkan verilməyəcək. Azərbaycan öz siyasəti ilə dünya miqyasında böyük hörmət qazanıb və bu hörmət getdikcə artır".
Dövlət başçısı qeyd edib ki, bu il bir neçə xarici ölkədə səfərdə olub, ölkəmizə bir çox dövlət və hökumət başçıları səfər edib, Bakıda bir neçə beynəlxalq tədbir keçirilib: “Bu, ölkəmizin fəal xarici siyasətindən irəli gəlir, Azərbaycan qlobal məkanda böyük rol oynayır”.
Çıxışında Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan ölkə başçısı deyib ki, münaqişə Ermənistan qeyri-konstruktiv mövqeyi, münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin biganəliyi ucbatından həll olunmayıb: "Münaqişənin həllində Azərbaycan mövqeyi beynəlxalq hüquqa, ədalətə əsaslanır. Təmas xəttində üstünlük Azərbaycanın tərəfindədir".
Dövlət başçısı qeyd edib ki, 2016-cı ildə ölkədə siyasi və iqtisadi islahatlar daha da dərinləşib, iqtisadiyyatın neft amilindən asılılığının azaldılması istiqamətində işlər görülür: "Gələcək fəaliyyət yeni iqtisadi model üzərində aparılacaq. Bu ilin ilk rübündə dövlət sektorunda 30 minə yaxın yeni iş yeri açılıb. Gəlirlərin azalmasına baxmayaraq, maaş və pensiyalar 10 faiz artıb, bu isə dünyada böhran dövründə nadir haldır. İndi Azərbaycan iri enerji və nəqliyyat layihələri həyata keçirir: “Bu layihələrin icrasından ölkəmiz siyasi və iqtisadi mənfəət götürəcək".