21 Aprel 2016 13:48
2 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan artıq ayılır, Rusiyanın əsarətindən qurtulmağa çalışır. Əgər əvvəllər Rusiyanın buradakı agentlərinin və nökərlərinin təsiri altında olan insanların sayı çox idisə, indi onlar qəflət yuxusundan ayılırlar, situasiyanı dəqiq dəyərləndirməyə başlayırlar. Yalnız şərəfsizlər və casuslar hələ də deyirlər ki, "Rusiya Ermənistanın müdafiəçisidir, Ermənistanı Türkiyədən qoruyur".

Beləsinə deyirsən ki, axı sən axmaq deyilsən, olmaya Türkiyə bizə müharibə elan edib, Ermənistana hücum edib ki, Rusiya bizi müdafiə etsin?! Yəni bu casuslar ermənilərin mühacir mentalitetindən istifadə edirlər. Məsələn, erməni Van şəhərindən qaçanda rus əsgərinin uşağı ata mindirməsindən kövrəlir, amma anlamır ki, elə həmin rus əsgəri Vanı viran qoyub. Və həmin adamlar deyirlər ki, Dağlıq Qarabağ təhlükədədir. Dağlıq Qarabağ erməniləri yox, Ermənistan təhlükədədir".

Ermənistandakı "Birinci İnformasiya Kanalı"na verdiyi müsahibəsində Ermənistan Milli Müqəddərat Birliyinin lideri, ölkənin ən məşhur müxalif siyasətçilərindən biri Paruyr Hayrikyan belə deyib.

Müsahibəni qısa ixtisarlarla təqdim edirik:

- Bu günlərdə çoxları deyirlər ki, birləşməliyik, konsolidasiya olmalıdır. Hakimiyyət üçün də əlverişli zamandır. Levon Ter-Petrosyan prezident Serj Sarkisyanla görüşdən sonra dedi ki, indi biz...
- Sanki indiyədək birləşməmişdilər. Təlxəklik etmək gərək deyil. S.Sarkisyan yaşlı adamdır, özünü biabır etməsin. Nə birləşmə?! Sən çoxdan Rusiyanın xüsusi xidmət orqanları ilə birləşibsən, Sarkisyan. Robert Köçəryan da yanındadır.

- Söhbət ictimai birləşmədən, indiyədək müxtəlif fikirlərdə oan müxaliflərin bir araya gəlməsindən gedir. Real müharibə təhlükəsinin olduğu zamanda birləşmə vacibdir.
- Cəmiyyətin birləşə biləcəyi iki məqam var - milli təhlükəsizlik və insan haqları. Ermənistanda insan haqları fasiləsiz pozulduğundan "birləşmə" barədə danışanlara inanmıram. Təbii, vətən üçün təhlükə yarananda birləşməlisən. Amma belə "birləşmə" barədə axmaq çağırışları yalnız dövlətinin olmadığı halda səsləndirə bilərsən. Dövlətin varsa, birləşmədən danışa bilmərəm. Çünki bizdə dövlət sistemi şikəstdir. Dövlətə rəhbərlik edənlər də real rəhbərlər deyillər.

Serj Sarkisyanın hakimiyyəti saxtakarlıq yolu ilə iqtidara gəldiyindən onları sadəcə, Rusiyanın casusları sayıram. Unikal ölkəyik ki, Türkiyə ilə yanaşı, Rusiya da bizi hədəfə alıb. Birdəfəlik anlamaq gərəkdir ki, düşmənimiz Türkiyə yox, Rusiyadır. Belədirsə, ay Levon Ter-Petrosyan, axı sən prezident olanda Rusiyanın hərbi bazasının Gümrüdə yerləşməsinə niyə icazə verdin?! Türkiyənin də burada bazası yaranarsa, lap əla olar.

Dünyanın bütün dövlətləri kiminsə əsarətindən qurtularaq müstəqil olduqlarını deyirlər. Biz isə hələ də demirik ki, Rusiyanın əsərətindən xilas olaraq müstəqil olmuşuq. Levon Ter-Petrosyan, Serj Sarkisyan deyirlər ki, Ermənistan məhz Qarabağ hərəkatı sayəsində müstəqil olub. Tanrıya and olsun ki, bizim rəhbərlər qoyundur. Ay zavallı, bədbəxt qoyun, sən deyildin Qarabağı Ermənistana birləşdirmək istəyən? Sən ona görə müstəqil oldun ki, mən Ayrikyan və yoldaşlarım xalqa başa saldıq ki, referendum vasitəsilə müstəqil ola bilərik. İndisə ermənilərə deyirəm: ayılın, bizim qoyun rəhbərlər Qarabağı itirdilər.

- İndi deyirlər ki, Ermənistan təcili olaraq Avrasiya İqtisadi Birliyindən çıxmalı, MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əməkdaşlığı dayandırmalı, Ermənistan ərazisindəki Rusiya hərbi bazasının çıxarılmasına nail olmalıdır. Amma onu da deyirlər ki, tələsmək olmaz, düşünmək gərəkdir. Dağlıq Qarabağda isə 18 yaşlı erməni gənclər Rusiyanın Azərbaycana satdığı silahlardan açılan atəşdən həlak olurlar.
- Dediklərinizin hamısını çox əvvəllər, prezident seçkilərində mənə atəş açılmazdan əvvəl söyləmişəm. Sivil, diplomatik dildə demişəm. Rusiya ilə münasibətlərimizə yenidən baxılmalıdır. Rusiyanın Türkiyə ilə, Azərbaycanla anlaşmaları varsa, bizim müdafiəçimiz yox, düşmənimizdir. Diplomatik dildə danışıqlar diplomatlar üçündür. Amma bir anlıq təsəvvür edin ki, ata və ya anasınız, övladınızı da Qarabağda öldürüblər. Nədir, quyruq bulayacaqsınız?

Əgər bulayacaqsınızsa, deməli, bu taleyə layiqsiniz. Yox, Rusiya ilə rahat, diplomatik dildə danışmaq olmaz. Mən açıq deyirəm: ruslar, siz əclafsınız, Rusiya imperializmi bəşəriyyətə qarşı şərdir və Ermənistandan rədd olub getməlidir.
1973-cü ildə qorxmadan yazmışdım: "Rədd olsun ruslar, yaşasın Ermənistan!" İndi də bu fikirdəyəm. Əgər normal yaşamaq istəyiriksə, ruslar Ermənistandan getməlidirlər. Rusiya ən böyük düşmənimizdir. 70 il ərzində müstəqilliyimiz olmadı, onlar bütün ziyalılarımızı məhv etdilər və indi də Ermənistanı viran qoymaq üçün əllərindən gələni edirlər. Rusiya şərdir - bəşəriyyət üçün də, bizim üçün də.

Çox pis, ağır vəziyyətdəyik. Millət olaraq çökmüşük. İnsanlarımız küçələrə çıxaraq Serj Sarkisyanın istefasını tələb edirlər. Amma mən belə demirəm, çünki bilirəm ki, Serj Sarkisyan getsə, Qalust Saakyan gələcək. Sarkisyan casusdursa, Qalust Saakyan "peşka"dır. Yəni casusun "peşka"sı taleyimizi həll etməlidir?! İnqilab etmək olardı, amma ölkədə inqilab etməyə layiq, inana biləcəyimiz siyasi qüvvə yoxdur.

- Ermənistanda hansı qüvvələrlə əməkdaşlıq edə bilərsiniz?
- Bu, vətəndaş təşəbbüsüdür.

- Məsələn, "Yeni Ermənistan".
- "Yeni Ermənistan"ın yarısı kölələr və casuslardır. Siz heç eşidibsiniz ki, "Yeni Ermənistan"dan kimsə "Rədd olsun Rusiya!" desin? ABŞ-da bir qadınla görüşdüm və o dedi: "Əgər sən Avropa və Rusiyanı müqayisə etməyə başlayırsansa, deməli, Rusiya xüsusi xidmət orqanlarının agentisən". Bizdə də belədir. Bir var, inkişaf etmiş ölkələr, bir də var, məsələn, Pakistan. Rusiya Ermənistana düşmən kəsilib, bizim müxalifətçilər isə Rusiya ilə əməkdaşlıqdan imtina etmirlər. Onlar ən xırda məsələdə bir-birinin başını üzməyə hazırdırlar, amma antierməni davranışlarını dəyişmirlər.

- Bəs indi Ermənistanda hakimiyyəti necə dəyişmək olar? "Yeni Ermənistan" silahlı üsyana hazırlaşdığını deyir, digər düşərgə isə, məsələn, Nikol Paşinyan, seçki məntəqələrində 600 etibarlı adamla hakimiyyət dəyişiklikliyinə nail olmağın mümkünlüyündən bəhs edir.
- Hər ikisinə uğur arzulayıram. Silahlı üsyana güvənmirəm. Çünki hakimiyyət dəyişikliyi yaramaz Sarkisyanın iqtidardan kənarlaşması ilə bitmir. Üstəlik, bərbad vəziyyətdə olan ordumuz üsyanı bacarmaz. Vazgen Sarkisyanı indi milli qəhrəman sayırlar. Mən isə onu əclaf, hərbi cinayətkar hesab edirəm. Çünki Levon Ter-Petrosyan, sonra da Robert Köçəryanın seçkilərdə "qələbə"sini təmin etmək üçün əsgərləri bir neçə dəfə səs verməyə vadar etdi. O, erməni əsgərini bədbəxt etdi.
Millət ayılmalıdır. Hə, Rusiya prezidenti Vladimir Putin bizim Sarkisyana deyib: "Pulları sağa-sola səpələmək əvəzinə yaxşı olardı ki, silah alardın". Yəni o deyib ki, Sarkisyan, sən bir casus kimi çox pis işləyirsən. Sarkisyan belə vəziyyətdə ya qaçıb aradan çıxmalıdır, ya da ağıllı adamlarla məsləhətləşməlidir. 1996-cı ildə o, məndən xahiş etdi ki, məsləhət verim. Mən də o böhranlı vəziyyətdə Ermənistanın xilas yollarını göstərdim. İndi də nə etmək gərəkdiyini söyləyə bilərəm. Özünüz görəcəksiniz ki, hər şey asandır.

Milli.Az


Müəllif:

Oxşar xəbərlər