Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Belarus Respublikası Milli Məclisi Respublika Şurasının sədri Mixail Myasnikoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf.com parlamentə istinadən xəbər verir ki, Oqtay Əsədov qonağın ölkəmizə səfərini və Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirakını yüksək dəyərləndirib. Bildirib ki, bu cür görüşlər ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Bakının dünya miqyaslı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi müstəqil Azərbaycanın Şərqlə Qərb arasında multikultural mərkəzə çevrilməsini şərtləndirən amillərdəndir. Ölkəmizin təşəbbüskarlığı ilə bu cür forumların Bakıda keçirilməsi artıq bir ənənə halı almışdır. Bu, dünya xalqlarının və xarici nümayəndə heyətlərinin ölkəmizlə daha yaxından tanış olması, buradakı tolerantlığa şahidlik etməsi üçün yaxşı imkanlar yaradır.
Azərbaycan dünya dövlətləri, o cümlədən oxşar tarixə malik Belarusla həyatın bütün sahələrində əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Bu baxımdan parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi ümumi məqsədlərə xidmət edir.
Sədr ölkəmizin iştirak etdiyi qlobal neft və qaz layihələri barədə söhbət açaraq, qeyri-neft sahəsində Belarusla da müvəffəqiyyətlə əməkdaşlıq etdiyini söylədi. Spiker ümidvar olduğunu bildirdi ki, bu əməkdaşlığımız gələcəkdə daha da genişlənəcəkdir.
Belarus Milli Məclisi Respublika Şurasının sədri Mixail Myasnikoviç ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söylədi. O, Bakıda BMT-nin yüksək səviyyəli tədbirinin keçirilməsini Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzu ilə əlaqələndirdi. Qonaq qeyd etdi ki, Azərbaycanın həyatın müxtəlif sahələrində əldə etdiyi nailiyyətlər dost ölkə kimi onları da sevindirir.
Ölkələrimiz arasında təkcə siyasi deyil, iqtisadi, mədəni humanitar sahələrdə də əlaqələri genişləndirmək üçün geniş imkanlar vardır. Deputatlarımızın müxtəlif beynəlxalq tədbirlərdə mütəmadi görüşləri və onları maraqlandıran məsələlər ətrafında aparılan dialoq əməkdaşlığımızın gələcək inkişafı baxımından əhəmiyyətlidir.
Qəbulda parlamentlərarası əlaqələrin daha da dərinləşməsi, regional münaqişələrin həlli yolları, iqtisadi sahədə əməkdaşlığın yeni səviyyəyə qaldırılması və digər məsələlər ətrafında söhbətlər aparıldı.
Nemət